Azərbaycanda süni intellekt sahəsində mühəndis çatışmazlığı 3-7 ildən sonra ciddi problem yarada bilər.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda dəyirmi masada bidirib.
Onun sözlərinə görə, bu gün süni intellekt və onun tətbiqi, xüsusilə texnologiya sahəsində təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur: “Lakin bu sahədə qabaqcıl ölkələrin strategiyalarına baxdıqda görürük ki, fundamental biliklərin və mühəndis hazırlığının əhəmiyyəti heç bir yerdə sual altına alınmır. Hətta gələcəkdə süni intellekt proqramlaşdırma işlərinin böyük hissəsini avtomatlaşdıra bilsə belə, ixtisaslı mühəndislərə ehtiyac qalacaq. Əgər məqsədimiz regionda texnologiya sahəsində lider ölkələrdən birinə çevrilməkdirsə, adambaşına düşən mühəndis sayını strateji göstəricilərdən (KPI) biri kimi nəzərdən keçirməliyik”.
V.Xəlilov qeyd edib ki, bu istiqamətdə səylər davam etdirilməli, xüsusilə regionlarda mühəndis hazırlığına və insan kapitalının inkişafına daha çox diqqət ayrılmalıdır: “Çünki infrastrukturun qurulmasına və idarəetmənin təkmilləşdirilməsinə nə qədər investisiya qoyulsa da, bu sahələri inkişaf etdirəcək kifayət qədər mühəndis olmadıqda, 3, 5 və 7 illik perspektivdə ciddi çətinliklərlə üzləşə bilərik. Buna görə də uzunmüddətli inkişaf baxımından mühəndis hazırlığına investisiya qoyulmasını strateji prioritet hesab edirəm. Xüsusilə regionda artan rəqabət fonunda bu məsələ Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”.
