ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə F-35 qırıcılarının verilməsi ehtimalını tənqid etməsindən ciddi narazı qalıb.
Bu barədə “Axios” portalı Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Netanyahu bu ayın əvvəlində “Fox News” telekanalına müsahibəsində Ankaraya beşinci nəsil F-35 qırıcılarının verilməsinə qarşı olduğunu bildirdikdən sonra Tramp qəzəblənib.
Portalın məlumatına əsasən, ABŞ Prezidenti İsrail baş nazirinin bu məsələyə qarışmağa haqqı olmadığını düşünür.
Netanyahu iyulun əvvəlində bəyan etmişdi ki, Türkiyənin F-35 qırıcıları əldə etməsi Yaxın Şərqdə qüvvələr balansını poza bilər. O, həmçinin Türkiyənin “aqressiv niyyətlərə” malik olduğunu iddia etmişdi.
Axios yazır ki, Netanyahu daha əvvəl Trampla telefon danışığında da Türkiyəyə yeni silah sistemlərinin satışından çəkinməyi xahiş edib.
Qeyd edək ki, Türkiyə 2017-ci ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldıqdan sonra F-35 proqramından çıxarılmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankara sammitindən sonra Trampın F-35-lərin Türkiyəyə tədarükünə müsbət yanaşdığını bildirmişdi.
ABŞ Prezidenti isə daha əvvəl qırıcıların satışını təsdiqləməyə meylli olduğunu desə də, yekun qərarın hələ qəbul edilmədiyini və məsələnin qiymətləndirildiyini vurğulamışdı.
