Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə görüş keçirilib. Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri və regional məsələlər müzakirə olunub.
Görüşdən yayılan görüntülərdə isə dövlət başçılarının arxasındakı böyük tablo diqqət çəkib.
Tabloda ənənəvi geyimli atlı insanların hərəkət etdiyi səhnə, onların əlində isə yırtıcı quşlara bənzəyən təsvirlər əks olunub. Əsərin ümumi kompozisiyası Orta Asiyanın köçəri xalqlarının həyat tərzini, atçılıq və ovçuluq ənənələrini xatırladır.
Xüsusilə at üzərində hərəkət edən insanların əllərində quş saxlaması diqqət çəkir. Bu təsvirin Qırğızıstan və digər Orta Asiya xalqlarında qədimdən mövcud olan berkutçuluq, yəni yırtıcı quşlarla ovçuluq ənənəsi ilə əlaqəli olduğu ehtimal edilir.
Qırğızıstanın köçəri mədəniyyətinin bu cür təsvirlərlə təqdim edilməsi təsadüfi də görünmür. Belə ki, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin gün Bişkekdə keçirilən VI Dünya Köçəri Oyunlarının açılış mərasimində də iştirak ediblər.
Bu baxımdan, görüş otağının interyerindəki tablonun mövzusu Qırğızıstanın köçəri mədəniyyətini və regionun tarixi-etnoqrafik irsini əks etdirən dekorativ element kimi qiymətləndirilə bilər.

Lakin maraqlı detal budur ki, açıq rəsmi mənbələrdə tablonun müəllifi, adı və hansı ildə çəkildiyi barədə məlumat yoxdur. Buna görə əsərin konkret rəssama və ya müəyyən tarixi dövrə aid olduğunu söyləmək mümkün deyil.
Tablonun seçilən mövzusu isə kifayət qədər simvolikdir. At, köçəri həyat, yırtıcı quş və təbiətlə bağlılıq. Orta Asiyanın qədim köçəri mədəniyyətinin əsas elementlərini bir araya gətirir.
Yəni Azərbaycan və İran prezidentlərinin görüşündən yayılan fotolarda diqqət mərkəzində ilk baxışda liderlərin özü olsa da, arxa fondakı bu tablo da ayrıca maraq doğurur.
Bəs prezidentlərin görüşü regiona və Azərbaycana nə qazandırır?
Mövzu ilə bağlı politoloq Turan Rzayev açıqlamasında bildirib ki, Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilir və bu görüşlər əslində çox diqqət çəkir:

“Həmin görüşlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan görüşdür.
Görüşün ilk diqqət çəkən məqamı, heç şübhəsiz, liderlərin bir-biri ilə səmimi, dost və qardaşyana münasibətidir. Bu, əslində sadə diplomatik etiket qaydalarından belə kənara çıxıldığını göstərir. Çünki həmin görüşdə liderlərin bir-biri ilə rəftarı, danışıq üslubu və müraciəti, belə deyək, diplomatik tərzdən çox daha səmimi, dost mühitini əks etdirir. Əslində biz buna diplomatiyanın özündə, diplomatik etiketi aşan səmimi yanaşmalar deyirik. Bu, çox mühüm bir məqamdır.
Bunun digər mühüm və diqqətçəkən tərəfi isə liderlərin, məsələn, Birləşmiş Millətlər Təşkilatında qəbul edilmiş ümumi ünsiyyət dillərindən biri ilə deyil, öz ana dillərində danışmasıdır. Yəni, məsələn, orada rus dilində, ingilis dilində danışa bilərdilər. Amma hər iki lider Azərbaycan dilində danışır və bu, çox maraqlıdır.
Hətta başqa bir maraqlı detal isə həmin görüşdə İran heyəti, demək olar ki, heç nə anlamırdı, çünki Azərbaycan dilini bilmirdilər. Amma Azərbaycan Prezidenti və İran Prezidenti öz ana dillərində danışırdılar. Bu, çox mühüm simvolik mesajdır ki, Azərbaycan türkcəsi, belə deyək, Səfəvilər dönəmindən bu günə qədər və ondan əvvəl də əslində regionda hakim ünsiyyət və siyasi dil olub.

Əslində bu gün Azərbaycan və İran prezidentləri Səfəvilərin də rəsmi dövlət dili olan Azərbaycan türkcəsində danışıblar. Bu, əslində Səfəvi səltənətinin və Səfəvi mirasının davamçılarının dünyaya verdiyi, eyni zamanda bu dostluğu və qardaşlığı sevməyən qüvvələrə qarşı yönəlmiş çox böyük simvolik mesaj idi”.
Politoloq əlavə olaraq qeyd edib ki, son dövrlərdə, xüsusən də bu Amerika-İran gərginliyi fonunda İrandakı bəzi qüvvələr məqsədyönlü şəkildə Azərbaycanı hədəfə gətirməyə, Azərbaycana qarşı provokativ açıqlamalar verməyə çalışırlar:
“Amma buna baxmayaraq, İran Prezidenti Azərbaycan Prezidenti ilə görüşdə göstərdi ki, əslində İranda heç də hər kəsin fikri eyni deyil. Əgər bütün ixtiyar, yəni külli-ixtiyar İran Prezidenti Məsud Pezeşkianın əlində olsaydı, tamamilə fərqli İran-Azərbaycan münasibətləri görə bilərdik.
Burada eyni zamanda cənab Prezidentin yenə rəsmi diplomatik etiketi aşaraq, İran Prezidentinə Azərbaycanın artıq brendinə çevrilmiş və cənab Prezidentin hər görüşə, hər beynəlxalq tədbirə özü ilə apardığı mineral sudan təklif etməsi və liderlərin birlikdə milli brend su içməsi də göstərdi ki, əslində görüş təkcə siyasi görüş deyildi. Eyni zamanda aradakı səmimiyyətin və dostluq-qardaşlığın nə qədər yüksək səviyyədə olduğunu göstərdi.
Əslində bu münasibət və rəftar bizə bir daha onu deməyə əsas verir ki, nə qədər ki, İranda Məsud Pezeşkian kimi və ümumiyyətlə, bu qəbildən olan insanlar olacaq, İran-Azərbaycan münasibətləri də heç vaxt istənilən səviyyəyə düşməyəcəkdir. Çünki bunu istəyən qüvvələr var. Amma əslində liderlər göstərdilər ki, durum heç də onların düşündüyü kimi deyil. Daha doğrusu, yansıtıldığı kimi deyil. Ortada çox ciddi və müsbət əlaqələr mövcuddur”./avtosfer.az
