Tbilisidən Türkiyəyə hava nəqliyyatı ilə uçuşlar Azərbaycanla müqayisədə daha sərfəli qiymətə təşkil olunur.
Bu barədə “AJet”, “Pegasus” və AZAL-ın rəsmi saytlarında təqdim olunan bilet qiymətləri üzrə apardığımız araşdırma zamanı məlum olub. Araşdırma göstərir ki, Tbilisidən İstanbula uçuş Bakıdan İstanbula uçuşdan xeyli ucuz başa gəlir.
Məsələn, 9–15 sentyabr tarixlərində “AJet” və “Pegasus” ilə Tbilisi–İstanbul marşrutu üzrə 1 sərnişin üçün ekonom sinif gediş-dönüş bileti 448 manat təşkil edir.
Eyni tarixlərdə AZAL-ın Bakı–İstanbul marşrutu üzrə gediş-dönüş biletinin ən ucuz variantı isə 768 manatdır.

Beləliklə, iki marşrut arasında bilet qiymətində 320 manat fərq yaranır.
Başqa sözlə, həmin tarixlərdə Bakıdan İstanbula AZAL-la uçuş Tbilisidən “AJet” və ya “Pegasus” ilə uçuşdan təxminən 1,7 dəfə baha başa gəlir. Tbilisidən İstanbul istiqamətində gediş-dönüş bileti isə Bakı ilə müqayisədə təxminən 42 faiz daha ucuzdur.
Qiymət fərqi yalnız gediş-dönüş biletlərində də özünü göstərmir. Tək istiqamət üzrə qiymətlərə baxdıqda da Bakı ilə Tbilisi arasında fərq nəzərə çarpır.

Belə ki, Bakıdan İstanbula AZAL-ın ən ucuz biletinin qiyməti 338 manatdır. Əks istiqamətdə, yəni İstanbuldan Bakıya uçuş üçün ən ucuz qiymət isə 312 manatdır. Tbilisi–İstanbul istiqamətində isə “AJet” və “Pegasus” kimi aviaşirkətlərin təklif etdiyi daha sərfəli tariflər hesabına gediş-dönüş biletini 448 manata əldə etmək mümkündür.
Məsələnin daha bir diqqət çəkən tərəfi isə odur ki, Bakı və Tbilisidən İstanbula uçuşlar arasında məsafə fərqi o qədər də böyük deyil.
Belə ki, Tbilisi–İstanbul marşrutu təxminən 1 350 kilometr, Bakı–İstanbul marşrutu isə təxminən 1 750 kilometrdir. Yəni Bakıdan İstanbul istiqamətində məsafə təxminən 400 kilometr daha çoxdur.
Uçuş müddətləri də bir-birindən kəskin fərqlənmir. Tbilisi–İstanbul uçuşu təxminən 2 saat 30-35 dəqiqə, Bakı–İstanbul uçuşu isə təxminən 3 saat davam edir.
Bu səbəbdən Bakı–İstanbul marşrutunun daha uzun olması müəyyən qiymət fərqinə təsir göstərə bilər. Lakin 320 manatlıq fərqi yalnız məsafə ilə izah etmək mümkün deyil.
Aradakı 320 manatlıq fərq xüsusilə ailə ilə səyahət zamanı daha ciddi məbləğə çevrilir. Məsələn, dörd nəfərlik ailə üçün eyni marşrut üzrə yalnız aviabilet hesabına qiymət fərqi 1 280 manata çata bilər./azpolitika.info
