“Financial Times” (FT) nəşrinin yaydığı məlumata görə, rus mühəndisləri səsdən dəfələrlə sürətli uça bilən bu silahlar üçün xüsusi mühərriklərin yaradılmasına yaxından köməklik göstəriblər. Ekspertlər bildirirlər ki, sözügedən texnologiya Yaxın Şərqdə yerləşən ABŞ təyyarədaşıyan gəmiləri və digər hərbi dəniz qüvvələri üçün ciddi təhdidə çevrilə bilər.
Nəşrin araşdırmasına əsasən, tərəflər arasında “C430L” kod adlı məxfi layihəyə 2023-cü ildə start verilib. Proqramın təşkilatçıları qismində Rusiyanın dövlət silah ixracatçısı “Rosoboronexport” və “Maşınqayırma” (“Mashinostroyeniye”) müəssisəsi çıxış edib. Layihəyə Rusiyanın raket sahəsindəki ən təcrübəli alim və mütəxəssisləri cəlb olunub.
Hələ 2023-cü ilin noyabrında İran Müdafiə Nazirliyi ilə rəsmi müqavilə imzalanmazdan əvvəl rusiyalı nümayəndələr və mühəndislər dəfələrlə Tehrana səfərlər ediblər. Onların arasında dəniz bazalı raket sistemlərinin baş konstruktoru Aleksandr Derqaçev və səsdən iti ramjet (düzaxınlı reaktiv) mühərrikləri üzrə mütəxəssis Aleksandr Çebakov kimi tanınmış simalar yer alıb.
Hazırda İran özünün dəqiq zərbə gücünə malik reaktiv mühərrikini sınaqdan keçirsə də, Rusiya ilə birgə hazırlanan səsdən iti raketlərin artıq silahlanmaya qəbul edildiyinə dair hələlik rəsmi sübut yoxdur.
Maraqlıdır ki, regionda alovlanan hərbi münaqişələrə baxmayaraq, iki ölkə arasındakı məxfi proqram dayandırılmayıb. “Rosoboronexport” şirkəti layihənin növbəti mərhələsi ilə bağlı qarşı tərəfə rəsmi məktub göndərərək texniki detalları razılaşdırıb. Lakin proqramın yeni mərhələsinin tam icrasına başlanılıb-başlanılmadığı hələlik məlum deyil./ölkə.az
