Küçə ticarətinin qarşısının alınması ilə bağlı keçirilən reydlərə baxmayaraq, bu sahədə problem hələ də qalmaqdadır. Ekspertlər hesab edirlər ki, küçə ticarətini tamamilə aradan qaldırmaq əvəzinə, onu qanuni və nəzarət olunan formada tənzimləmək daha məqsədəuyğundur.
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, nə qədər reydlər keçirilsə də, praktikada küçə ticarətini sıradan çıxarmaq heç bir ölkədə mümkün olmayıb. O qeyd edib ki, bütün dünya dövlətlərində iri şəhərlərdə küçə ticarəti insanların toplaşdığı, piyadaların istifadə etdiyi yerlərdə mövcuddur:

“Küçə ticarətinin tənzimlənməsi üçün mövcud reydlərin və monitorinqlərin daha sıx keçirilməsi, cərimələrin artırılması ilə yanaşı, müəyyən preventiv tədbirlərin də görülməsi zəruridir.
Beynəlxalq təcrübədə belədir ki, müəyyən ərazilər küçə ticarəti ilə məşğul olan şəxslər üçün ayrılır. Vətəndaşlar da bilir ki, həmin ərazilərdə məhz küçə ticarəti ilə məşğul olan insanların təklif etdiyi məhsullar satılır. Bu zaman çox vaxt kustar üsulla istehsal olunmuş müxtəlif vasitələr və yaxud ev şəraitində hazırlanmış məhsullar əsas rol oynayır. Həmin bazarın seçimində vətəndaşlara sərbəstlik verilir. Amma təbii ki, nəqliyyat əhəmiyyəti olan, insanların sıx istifadə etdiyi piyada keçidləri və digər bu kimi yerlərdə küçə ticarətinin olmaması həm turizmin inkişafı, həm də qeyri-rəsmi, şəffaf olmayan ticarət fəaliyyətinin aradan qaldırılması baxımından vacib məsələlərdəndir. Müəyyən olunmuş ərazilərdə küçə ticarətinin nizamlı qaydada aparılması onların həm vergiyə cəlb olunmasına, həm də daha aşağı ödəniş etməklə öz satışlarını həyata keçirməsinə imkan yaradır.
Bir çox hallarda küçə ticarətinin qarşısının alınması üçün həmin şəxslərə müvafiq yerlər də təşkil olunur. Lakin həmin yerlər gəlirlilik baxımından küçə ticarətindən əldə olunan gəlirə adekvat olmadığı üçün vətəndaşlar qısa müddətdə həmin yerlərdən imtina edir və yenidən küçə ticarətinə qayıdırlar. Ona görə mən düşünürəm ki, problemin səbəblərini müəyyən etməklə onu aradan qaldırmağa ehtiyac var.
Bayaq qeyd etdiyim kimi, beynəlxalq təcrübədə icazəli zonalar modeli var. Yaxud şəhər qanunvericiliyi ilə şəhərdə vətəndaşlara mane olmamaq, onların piyada hərəkətinə, eyni zamanda avtomobillərin gedişinə problem yaratmamaq şərtilə küçə ticarəti tənzimlənir”.
