Ötən gün Goranboy şəhər 2 saylı tam orta məktəbində baş verdiyi bildirilən qalmaqalla bağlı “Məktəbdə Şok Vandalizm: İşdən Çıxarılan Direktor Tualet Avadanlıqlarını Evinə Apardı – Goranboyda Rezonans Doğuran Hadisə” başlıqlı yazı gundemxeber.org saytında dərc etmişdik.
Məlumata görə, vəzifəsindən azad edilən sabiq direktor İlhamə Qasımova məktəbin sanitariya qovşağındakı avadanlıqların sökülməsi və zədələnməsi ilə bağlı hadisənin iştirakçısı olub. İddialar kifayət qədər ciddi olduğundan məsələ artıq hüquq-mühafizə orqanlarının da diqqətindədir. Belə ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının məktəbdə olduğu və müəllimlərdən izahat aldığı bildirilir.
Hadisənin ictimaiyyətə açıqlanmasından sonra əsas suallardan biri isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin mövqeyinə yönəlib.
İdarəyə rəhbərlik edən Elçin Kərimovun məsuliyyət dairəsində olan təhsil müəssisəsində məktəb əmlakının zədələnməsi ilə bağlı belə bir hadisənin baş verdiyi iddia olunur. Buna baxmayaraq, Regional Təhsil İdarəsinin açıqlamasında məsələyə daha ehtiyatlı yanaşılaraq bildirilib ki, məktəbdə “bəzi avadanlıqların zədələnməsi və ya yerində olmaması ilə bağlı məsələ mövcuddur”.
Bu ifadə isə təbii olaraq yeni suallar yaradır: Əgər söhbət dövlətə məxsus təhsil müəssisəsinin əmlakından gedirsə, konkret olaraq nə baş verib? Avadanlıqlar kim tərəfindən və hansı səbəbdən zədələnib? Dəymiş ziyan hesablanıbmı? Hadisə ilə bağlı xidməti araşdırma aparılıbmı və nəticəsi nədir?
Məsələnin polis tərəfindən araşdırıldığı bildirilirsə, Regional Təhsil İdarəsinin də ictimaiyyət qarşısında daha aydın mövqe ortaya qoyması vacibdir.
Çünki söhbət adi təsərrüfat məsələsindən deyil, məktəb əmlakının taleyi və təhsil müəssisəsində idarəetmə məsuliyyətindən gedir.
Əgər sabiq direktorun məktəb əmlakına zərər vurması faktı təsdiqlənərsə, bu, yalnız bir şəxsin davranışı kimi qiymətləndirilməməlidir. Eyni zamanda belə hadisənin məktəbdə necə baş verdiyi, nə üçün vaxtında qarşısının alınmadığı və məsul şəxslərin hansı tədbirləri gördüyü də araşdırılmalıdır.
Burada əsas məsuliyyət sualı isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimova ünvanlanır: rəhbərlik etdiyi sistemdə belə bir hadisə baş veribsə, idarə bununla bağlı hansı konkret addımları atıb?
Təhsil müəssisələrində direktor seçimi və rəhbər şəxslərin idarəçilik bacarığı da məhz bu cür hadisələr fonunda yenidən gündəmə gəlir. Direktor yalnız inzibati vəzifə daşıyan şəxs deyil, məktəbin əmlakına, kollektivinə və təhsil mühitinə görə məsuliyyət daşıyan rəhbərdir.
Ona görə də Goranboy 2 saylı məktəbdə baş verdiyi bildirilən hadisəyə “bəzi avadanlıqların zədələnməsi” ifadəsi ilə kifayətlənmək əvəzinə, ictimaiyyətə tam və aydın məlumat verilməsi vacibdir.
Elçin Kərimovun rəhbərlik etdiyi Regional Təhsil İdarəsi bu hadisə ilə bağlı konkret nə edib və məktəb əmlakına dəymiş ziyan kim tərəfindən ödəniləcək?
Bu sualların cavabı isə həm valideynlərin, həm müəllimlərin, həm də ictimaiyyətin haqqıdır./gundemxeber.org
