Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısında və onların əkin sahəsinin minimum ölçüsündə dəyişiklik edilib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Belə ki, əsas və təkrar əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan bitkilərin siyahısına arpa, buğda, çəltik, qarğıdalı ilə yanaşı günəbaxan əlavə edilmiş, əkin sahələrinin minimum ölçüsü isə 7 hektar müəyyən edilib.
Bağçılıq subsidiyası üçün isə yeni salınmış bağların “Aqrar sığorta haqqında” qanuna müvafiq olaraq azı 3 il müddətinə sığortalanması tələb olunur.
Kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların alınmasına tətbiq olunan güzəşt mexanizmlərinə də dəyişiklik edilib. Taxıl, pambıqyığan, yemyığan və yempaylayan kombaynlar, lazer hamarlayıcılar, soyuducu anbarlar, taxıl siloları, suvarma hovuzları üçün membranlar və aqrar istehsalda istifadə edilən günəş panelləri üzrə güzəşt tətbiq edilən hissə 50 %-ə qədər artırılıb.
Yerli istehsal damcı suvarma sistemlərində güzəşt tətbiq edilən hissə 60 %, xarici istehsal sistemlərdə isə 50 faiz olacaq. Kiçik şərabçılıq müəssisələrinin yaradılması üçün avadanlıqlar üzrə güzəşt 60 %, istixanalarda istifadə olunan texnoloji avadanlıqlar, habelə yerli istehsal metal konstruksiya və şüşələr üzrə güzəşt 20 % həddində müəyyən edilib.
Ölkənin sərhədyanı ərazilərində kənd təsərrüfatı fəaliyyətinin davamlılığının təmin edilməsi üçün əlavə subsidiya mexanizmi tətbiq ediləcək. Siyahısı müəyyən edilmiş sərhədyanı yaşayış məntəqələrində əkinçilik fəaliyyəti ilə məşğul olan fermerlər üçün subsidiya əmsalı respublika üzrə baza əmsalından 0,5 bənd yüksək hesablanacaq.
