Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda fermer və aqrar müəssisələrin xarici bazarlara çıxışını asanlaşdırmaq məqsədilə Global G.A.P., FSSC 22000, HACCP, GRASP, BRCGS, FSMA və beynəlxalq orqanik sertifikatların alınması subsidiyalaşdırılacaq.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Sertifikatın növündən asılı olaraq dəstək məbləği 7 000 manatdan 36 000 manata qədər, sertifikatların aktiv saxlanılması üçün illik dəstək isə müvafiq məbləğin 10 %-i qədər müəyyən edilir.
Yeni mexanizmə əsasən müəyyən edilmiş meyarlara cavab verən fermerlər əkin subsidiyasının 30 %-ni əvvəlcədən əldə edə biləcəklər. Avans mexanizmi 5-100 hektar əkin sahəsi olan, siyahısı müəyyən edilən yazlıq və payızlıq birillik bitkilər becərən və fermer reytinqi 30-dan yüksək olan təsərrüfatlara şamil ediləcək.
Avans subsidiyası üçün müraciət edən fermerlərin sahələri Elektron Kəns Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan ediləcək, sahənin əkinə hazırlığının monitorinqində rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.
