Azərbaycan Dövlət Gömrük Komitəsinin 2026-cı il üçün illik proqnozu 6 milyard 850 milyon manatdır. Komitənin bu qədər vəsaiti toplayaraq, büdcəyə ödəməsi gözlənilir. Lakin cari ilin ilk 8 ayının nəticələri onu deməyə əsas verir ki, hələlik bu proqnozun yerinə yetirilmə sürəti büdcə öhdəliyini tam yerinə yetirmək üçün yetərli deyil.
Belə ki, son rəsmi məlumatlara görə, cari ilin ilk 8 ayında DGK xətti ilə büdcəyə 4 milyard 326,9 milyon manat vəsait toplanıb. Doğrudur, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4% çoxdur. Lakin cari il üçün proqnozlaşdırılan məbləğ – 6 milyard 850 milyon manat da ötən il faktiki yığılan 6 milyard 369,9 milyon manatdan 7.54% çoxdur. Yeri gəlmişkən qeyd edək ki, ötən il proqnoz 6.6 milyard manat olsa da, onu reallaşdırmaq mümkün olmayıb və DGK büdcə öğhdəliyini yerinə yetirə bilməyib, il 231 milyon manatlıq kəsirlə başa vurulub. Gömrük yığımlarının hazırkı səviyyəsi isə onu düşünməyuə əsas verir ki, bu il də eyni nəticə təkrarlana, yəni, proqnoz yerinə yetirilməyə bilər.
Çünki yuxarıda qeyd edildiyi kimi, ilin ilk 8 ayında DGK xətti ilə büdcəyə 4 milyard 326,9 milyon manat daxil olub. Bu, illik proqnozun 63 faizi deməkdir. Lakin ilin 8 ayı keçib, bu da bir ilin 67 faizi deməkdir. Deməli, ötən vaxtla vəsaitin toplanması sürəti arasında uyğunsuzluq, daha dəqiq desək, 4 faizlik kəsir var. 6 milyard 850 milyon manatın 4 faizi isə 270 milyon manatdan çox edir. Deməli, gömrük yığımları indiki templə davam etsə, kəsir də elə bu qədər olacaq. Proporsional hesablamada isə ilk səkkiz ayın icra səviyyəsi təxminən 95 faizdir. Bir sözlə, bu gedişlə gömrük planı dolmaya və ötənilki tendensiya davam edə bilər.
Bəs bu kəsirin səbəbi nədir? Gömrük qanunvericiliyi nə qədər təkmilləşdirilsə, hətta sərtləşdirilsə də, rüsumlar, vergilər nə qədər artırılsa da, bu sahədə irəliləyiş əldə etmək müşkülə çevrilir. Deməli, hər nə qədər narazılıqlar, şikayətlər olsa da, səbəb sadəcə, sırf gömrük inzibatçılığında, DGK-nın fəaliyyətində yox daha dərindədir.
Neft-qaz sektoru öz yerində, amma bu, ilk növbədə hökumətin ölkə biznesindən, idxal-ixrac əməliyyatlarından gözləntilərinin özünü doğrultmadığını göstərir. Bu da dolayısı ilə işgüzar aktivliyin, ölkədəki sahibkarlıq subyektlərinin real durumundan, eləcə də əhalinin alıcılıq qabiliyyətinin vəziyyətindən xəbər verir. Ölkənin iqtisadi artım tempi arzu olunanın xeyli altında olduğu kimi, büdcə daxilolmaları da buna uyğun formalaşır.
Deməli, ölkə iqtisadiyyatına baxış fəlsəfəsi kökündən dəyişməyincə, ölkədə sahibkarlıq mühitinin dirçəldilməsi, sağlamlaşdırılması, stimullaşdırılması, tam azad rəqabət mühitinin yaradılması, maliyyə resurslarının əlçatanlığının təmin olunması və s. üçün görüləcək xeyli işlər var. Bu sahələrdə kompleks tədbirlər görülməyincə, gömrük daxilolmalarında da sıçrayış gözləməyin mənası olmayacaq…/azpolitika.info
