Vaşinqtondan gələn son mesajlar ABŞ-İran qarşıdurmasının yeni strateji mərhələyə qədəm qoyduğunu göstərir. Söhbət artıq sadəcə raket zərbələrindən, bombardmanlardan və birbaşa hərbi əməliyyatlardan getmir. Mövcud mənzərə Vaşinqtonun hərbi fazanı bitirməyə deyil, müharibənin formasını dəyişməyə hazırlaşdığını nümayiş etdirir.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin “The New York Post” qəzetinə verdiyi son müsahibəsində səsləndirdiyi fikirlər bu baxımdan xüsusilə diqqətəlayiqdir. Vens bildirib ki, ABŞ və İran arasındakı münaqişə yaxın aylarda “tamamilə fərqli bir müstəviyə” keçəcək. O, qarşıdurmanı iki mərhələyə bölür. Birinci mərhələnin əsas məqsədi İranın nüvə proqramını, ənənəvi hərbi imkanlarını və regionda güc nümayiş etdirmək qabiliyyətini maksimum dərəcədə zəiflətmək olub. İkinci mərhələnin hədəfi isə qlobal sabitliyi qorumaq və İranın yenidən güclənməsinə imkan verməməkdir.
Bu yanaşma göstərir ki, birinci mərhələ birbaşa hərbi əməliyyatlarla müşayiət olunurdusa, ikinci mərhələ daha uzunmüddətli, mürəkkəb və siyasi-iqtisadi xarakter daşıyacaq. Hərbi obyektləri zərərsizləşdirmək mümkün olsa da, onların yenidən bərpa edilməsinin qarşısını almaq daha çətin prosesdir. İranın nüvə infrastrukturu və raket arsenalı ciddi təzyiqlərlə üzləşsə də, dövlətin elmi potensialı, insan resursları və sənaye bazası tamamilə yox edilməyib. Deməli, hərbi zərbələrin nəticələrini qalıcı etmək üçün Vaşinqtona uzunmüddətli strateji mexanizmlər lazımdır.
ABŞ artıq “İranı necə zəiflətmək?” sualına deyil, “onu zəif vəziyyətdə necə saxlamaq olar?” sualına cavab axtarır. Bu yeni mərhələdə sanksiyalar, maliyyə rıçaqları, enerji bazarlarına nəzarət, kəşfiyyat əməliyyatları, diplomatik təzyiqlər və dəniz yollarının blokadası kimi hibrid metodlar ön plana çıxacaq.
Qlobal və regional güclərin qarşıdurmasının kəskinləşdiyi bir şəraitdə rəsmi Bakının nümayiş etdirdiyi balanslı xarici siyasət kursu xüsusilə təqdirəlayiqdir. Azərbaycan regional sabitliyin qorunmasında və gərginliyin eskalasiyasının qarşısının alınmasında mühüm platforma rolunu oynayır.
Bakı müvazinətli diplomatiya yürüdərək həm beynəlxalq hüququn prinsiplərinə sadiqliyini nümayiş etdirir, həm də qonşuluq münasibətlərində gərginliyin artmasına imkan vermir. Azərbaycanın öz ərazisini heç bir dövlətə qarşı plasdarma çevirməyəcəyi barədə qəti və prinsipial mövqeyi regionun təhlükəsizlik arxitekturası üçün ən böyük zəmanətlərdən biridir. Eyni zamanda, Bakının qlobal enerji təhlükəsizliyində artan rolu və tranzit qovşağı kimi qazandığı strateji üstünlük regional riskləri minimuma endirir. Bu baxımdan, Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət və milli maraqlara əsaslanan praqmatik diplomatiya regionda sülhün və sabitliyin yeganə dayanıqlı formulası kimi qəbul edilməlidir.
