Qarabağ və Şərqi Zəngəzurda işğal dövründə həm müsəlman, həm də xristian dini abidələri vandalizm aktlarına məruz qalıb, bəzi xristian abidələrində isə saxtalaşdırmalar aparılıb.
Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.
S.Hacıyeva işğaldan azad edilmiş ərazilərdə yerləşən abidələr üzərində müxtəlif xarakterli vandalizm aktlarının qeydə alındığını diqqətə çatdırıb:
“Abidələri işğaldan çıxdıqları və hazırkı vəziyyətlərinə görə şərti olaraq bir neçə qrupa bölmüşük: tamamilə yer üzündən silinən, ciddi xəsarət alan, qismən dağıdılan, eləcə də vəziyyəti kafi və ya yaxşı olan abidələr. Elə abidələr var ki, onların mövcud vəziyyətinə baxdıqda xristian və ya müsəlman dini abidəsi, yaxud yaşayış evi olduğunu müəyyənləşdirmək belə çətindir”.
Dövlət Xidmətinin rəisi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə müsəlman dini abidələri ilə yanaşı, qəbiristanlıqlar da dağıdılıb və təhqir olunub. Xristian irsinə aid iri və tarixi əhəmiyyətli abidələrdə isə saxtalaşdırma və qanunsuz müdaxilə hallarına rast gəlinib.
Onun sözlərinə görə, bəzi kiçik kilsələrə 30 il ərzində ümumiyyətlə müdaxilə edilməyib və onlar xarabalıq vəziyyətinə düşüb. Tarixi baxımdan daha əhəmiyyətli iri xristian abidələrində isə fərqli müdaxilələr aparılıb.
S.Hacıyeva Gəncəsər monastırını da bu kontekstdə qeyd edib. O bildirib ki, kompleksin ətrafındakı qəbiristanlıqda qəbirlərin götürülərək başqa yerə aparılması, həmçinin abidədə qanunsuz bərpa işlərinin aparılması halları müəyyən edilib.
O, Dövlət Xidmətinin əməkdaşlarının ərazilər işğaldan azad edildikdən sonra Qarabağa gedən ilk mütəxəssislər sırasında olduğunu da vurğulayıb. Bildirib ki, əməkdaşlar mina təhlükəsinə baxmayaraq, ANAMA ilə birgə abidələrin vəziyyətinin öyrənilməsi məqsədilə ərazilərdə dəfələrlə monitorinqlər həyata keçiriblər.
S.Hacıyeva qeyd edib ki, 2001-ci ildə dövlət tərəfindən təsdiqlənmiş siyahıda işğaldan azad edilmiş ərazilər üzrə 705 abidə yer alırdı. Sonrakı monitorinqlər və araşdırmalar nəticəsində yeni tarixi-mədəni irs nümunələri müəyyən edilib.
“Artıq Nazirlər Kabineti tərəfindən 144 abidə siyahıya əlavə olunub. Digər 100-dən çox abidə üzrə isə proses davam edir”, – o bildirib.
Dövlət Xidmətinin rəisi Qarğabazar kompleksində yerləşən məscidin memarlıq xüsusiyyətlərinə də toxunub. Onun sözlərinə görə, tikili ilk baxışdan xristian abidəsini xatırlatsa da, burada xristian məbədlərinə xas apsida və digər müvafiq əlamətlər yoxdur, kitabəsində isə Hacı Qiyasəddinin adı qeyd olunub. Abidə üzərində tədqiqatlar davam etdirilir.
S.Hacıyeva vurğulayıb ki, bu kimi nümunələr bölgədə müxtəlif dövrlərdə yerli memarlıq üsul və texnikalarının nəsildən-nəslə ötürüldüyünü göstərir. Hazırda həm xristian, həm də müsəlman dini abidələrinin tədqiqi davam etdirilir.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir.
Konfransda mədəniyyət naziri Adil Kərimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, dövlət qurumlarının nümayəndələri, eləcə də müvafiq sahə üzrə mütəxəssislər iştirak edirlər.
Tədbirin əsas müzakirə mövzularını Azərbaycanda tarixi-dini abidələrin qorunması, mühafizəsi və bərpası, bu sahədə mövcud çağırışların müəyyənləşdirilməsi, həmçinin milli-mədəni və dini irsin gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər təşkil edir.
Konfrans çərçivəsində tarixi-dini abidələrin qorunmasında dövlət qurumlarının, dini icmaların, elm və təhsil müəssisələrinin əməkdaşlığı, abidələrin tədqiqi və bərpasında müasir yanaşmalar, eləcə də bu istiqamətdə gələcək fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
