Respublikaçı Donald Tramp administrasiyasının xarici və daxili siyasəti təlatümlərə səbəb olub. Vaşinqton Ukraynaya dəstəyini dayandırıb, Rusiyanı sanksiyalardan xilas etməyə, müharibəni Kiyevin kapituliyasiyası ilə bitirməyə çalışır. Habelə Birləşmiş Ştatlar Avropa müttəfiqləri ilə münasibətlərə yenidən baxır, hətta NATO-dan çıxmaq haqda düşünür.
Daxildə isə Trampın əsas müttəfiqi, milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətdə Səmərəliliyin Artırılması Departamenti büdcə təşkilatlarında genişmiqyaslı yoxlamalar aparır, vəsaitləri kəsir, on minlərlə işçini işdən çıxarır. Artıq ABŞ-nin iri şəhərlərində hökumətə və İlon Maska qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb.
Tramp-Mask ittifaqı nə etməyə çalışır, bu siyasətə daxildən dəstək varmı? Bu suallara bu ölkədə çalışan azərbaycanlı maliyyə professoru Fariz Huseynli aydınlıq gətirməyə çalışıb.
Onun təhlilini oxuculara təqdim edirik:
“Çox qısa iki əsas proses baş verir. Biri budur ki, ölkənin ümumən son 30-40 ildə, hətta 70 ildə gedən proseslərdə uduzduğunu düşünənlərin sayı çoxdur. Xüsusilə də qloballaşmada Amerikanın net uduzan tərəf olduğunu düşünənlər. Onlara görə ölkənin potensialı başqa ölkələrin xeyrinə istifadə edilib. Qlobal liderlik naminə başqalarına fayda verilib və bu sıravi amerikanların hesabına baş verib. İndi dəyişməsini istəyirlər. 2008 böhranı dönüş nöqtəsi idi. Ondan sonra insanlar yeni dövr arayışındadırlar, mümkün qədər indiki institutların yenidən qurulmasını istəyirlər.
İkincisi, texnologiya şirkətləri bürokratların, siyasi elitanın və dövlət ağlının onların sürətindən geridə qaldığını düşünür. İstər bürokratik qaydalar, istər bir-birilərilə, ya da qlobal miqyasda rəqabətdə dövlətin onlara mane olmamasını istəyirlər. Çarəni dövləti ələ keçirməkdə gördülər və bunu müvəqqəti, amma qazanacaq namizədlə etdilər. Yeni dövrə keçid müvəqqəti liderlərlə gedir. Bir dövr sonra güclü siyasətçilər yetişəcək və onlar yenidən ipləri ələ alacaq və yeni qlobal anlaşma-sövdələşmə olacaq.
Amma keçid ağrılı olacaq, təəssüf ki… Bu qarışıqlıq və boşluqdan istifadə edənlər çox olacaq. Böhran olanda kim sağ qalır: sağlam əlaqələri olan və özündən daha çox asılı olub, başqalarına çox bel bağlamadan inkişaf edə bilənlər. Ümid edirəm, xaosa çevrilməz vəziyyət”. /azpolitika.info
