Belə görünür ki, Donald Tramp administrasiyasının hər iki tərəfə təzyiqləri Rusiya-Ukrayna danışıqlarını “ölü nöqtə”dən tərpətməyə kömək edib. Belə ki, ötən gün İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının 3-cü raundu əvvəlkilərlə müqayisədə ehtiyatlı optimizm üçün müəyyən kövrək də olsa, əsaslar verir.
Əvvəlki görüşlərdən sonra əsasən ultimativ açıqlamalar verən Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski bu dəfə nisbətən adekvat fikirlərlə çıxış edib.

Onun dediyinə görə, Rusiya Ukraynaya münaqişənin həlli ilə bağlı bir sıra təkliflər, o cümlədən cəbhə xəttində qısamüddətli atəşkəs və hərbi əsirlərin mübadiləsi ilə bağlı təkliflər göndərib. Medinski deyib ki, Moskva hər iki tərəfin iştirak edəcəyi üç işçi qrupun yaradılmasını təklif edib – siyasi, humanitar və hərbi məsələlər üzrə. Qrupların onlayn işləyəcəyi güman edilir. Ukrayna tərəfi müvafiq təşəbbüsləri öyrənəcəyini bildirib.
Bundan əlavə, Rusiya nümayəndə heyəti “yaralıların təxliyəsi və ölənlərin cəsədlərinin çıxarılması üçün cəbhənin müəyyən hissələrində qısamüddətli atəşkəs rejiminin tətbiqi imkanlarının müzakirə edilməsini” təklif edib.
Medinski həmçinin deyib ki, Rusiya “3000 həlak olmuş ukraynalı hərbçinin cəsədini Ukraynaya təhvil verməyə, eləcə də hər tərəfdən ən azı 1200 əsir dəyişdirməyə hazırdır”.
Rəsmi Kiyev isə avqustun sonuna qədər İstanbulda keçiriləcək danışıqlarda Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Trampın iştirakı ilə Ukrayna və Rusiya liderlərinin görüşünün keçirilməsini təklif edib. Bunu Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov görüşün yekununda bildirib. Lakin Rusiyanın bu təklifə münasibəti açıqlanmayıb.
Umerov qeyd edib ki, Ukrayna tərəfi də atəşi, xüsusən də kritik və mülki infrastruktura zərbələr endirməyi dayandırmağa hazır olduğunu bəyan edib.

Medinski xüsusilə də Ukrayna və Rusiya başçılarının görüşü məsələsinə münasibət bildirərkən deyib ki, Putin və Zelenski arasında mümkün görüş “dərindən hazırlanmalıdır”.
O əlavə edib ki, liderlər hansısa razılaşmanı müzakirə etmək yox, imzalamaq üçün görüşməlidirlər. Bu isə o deməkdir ki, Putin Zelenski ilə birbaşa danışıqlarda müharibəni necə bitirəcəklərini müzakirə etmək fikrində deyil. Onun üçün ideal variant Ukraynanın güzəştlərinin yer aldığlı hazır razılaşma sənədini Zelenski ilə imzalamaqdır. Lakin real vəziyyət bu ssenarini istisna edir. Moskva cəbhədəki bütün cəhdlərinə və dinc şəhərləri durmadan bombalamasına baxmayaraq, Ukraynanı sındıra bilməyəcəyini qəbul etməyə məcburdur.
Həmçinin, Avropanın getdikcə artan dəstəyi və ABŞ Prezidenti Donald Trampın Rusiyaya verdiyi ultimatumların fonunda rəsmi Kiyevin kapitulyasiya xarakterli güzəştlərə gedəcəyi ağlabatan görünmür. Ancaq hər necə olsa, tərəflərin hansısa, o qədər də ağrılı olmayan qarşılıqlı güzəştlərə gedə biləcəyinin siqnalları duyulmaqdadır. Mənbələr 40 dəqiqəyə yaxın davam edən son ikitərəfli rəsmi görüşdən əvvəl Vladimir Medinski ilə Rustem Umerovun xeyli müddət təklikdə söhbət etdiyini qeyd edir. Bütün bunlar pərdəarxasında ciddi şəkildə hansısa ortaq nöqtələrin axtarışının getdiyindən xəbər verir.

Bu arada baş verənlərə ən realist və məntiqli münasibəti Türkiyənin Xarici işlər naziri Hakan Fidan bildirib. O, Ukrayna və Rusiya nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, danışıqların yekun məqsədi tərəflərin atəşkəs əldə etməsidir.
“Türkiyənin potensial atəşkəsə əməl olunmasına nəzarət etmək üçün lazımi infrastrukturu var. Məqsədimiz hər kəs üçün çox baha başa gələn bu qanlı müharibəni tez bir zamanda dayandırmaqdır” – deyə, Fidan bildirib.
Doğrudan da, dünyada demək olar, bütün ölkələr, xalqlar üçün baha başa gələn və bəşəriyyətin gələcəyini təhidi edən bu savaşın bir an öncə bitməsi hər kəsin marağına uyğun olmalıdır.
