Azərbaycanda genetik testlərin geniş tətbiqi üçün həm mütəxəssis, həm də texniki baza baxımından ciddi çatışmazlıqlar mövcuddur. Mövcud vəziyyət bu sahədə sistemli yanaşmanın vacibliyini gündəmə gətirir.
Mövzu ilə bağlı açıqlamasında professor Adil Qeybulla bildirib ki, genetik analizlərin aparılması yüksək peşəkarlıq və xüsusi infrastruktur tələb edir:

“Ümumiyyətlə, genetik testlərin aparılması həm xüsusi avadanlıq, həm mütəxəssis, həm də bacarıq tələb edir. Bu, çox ciddi səviyyədə aparılan analizlərdir. Birinci növbədə burada mütəxəssis problemi var. Azərbaycanda genetik laborantlar, yəni bu ixtisaslı mütəxəssislər həm azdır, həm də bəlkə də yox dərəcəsindədir. Bununla bağlı lazımi laboratoriyalar da qurulmalıdır”.
Professorun sözlərinə görə, məsələnin digər tərəfi maliyyə yükü ilə bağlıdır:
“Bu analizlər çox bahadır və əhali arasında buna meyil də azdır. Bunun bir protokola salınması və ya icbari tibbi sığorta paketinə daxil edilməsi vacibdir. Məsələn, bəzi skrininq müayinələrdə onkoloji praktikada və bəzi genetik mənşəli xəstəliklərin aşkar edilməsində bu testlər olduqca əhəmiyyətlidir. Müxtəlif gen mutasiyaları vaxtında aşkar olunduqda, həmin xəstələr nəzarətə götürülür və onkoloji proqnoz baxımından daha effektiv nəticə əldə olunur”.
Ekspert qeyd edib ki, genetik xəstəliklərin erkən diaqnostikası geniş maliyyə və təşkilati resurs tələb edir:
“Kütləvi dispanserizasiya və skrininq müayinələrinin aparılması böyük maliyyə tələb edir. Bu baxımdan laboratoriyaların mərhələli şəkildə təşkili məqsədəuyğun olar. Prosesin bəzi hissələri icbari tibbi sığortaya daxil edilə, bəzi hissələri isə özəl xarakter daşıya bilər. Amma istənilən halda peşəkar laboratoriyalar yaradılmalı, burada peşəkar genetiklər və genetik laborantlar çalışmalı, lazımi avadanlıq təmin olunmalıdır”.
Adil Qeybulla texnoloji çətinliklərin də nəzərə alınmalı olduğunu vurğulayıb:
“Nəzərə alın ki, məsələn, Türkiyənin özündə belə bəzi genetik analizlər Ankaradan İstanbula göndərilir. Bu da onu göstərir ki, texnoloji baxımdan kifayət qədər mürəkkəb prosesdir”.
Professorun fikrincə, genetik testlərin səhiyyə sistemində daha geniş tətbiqi üçün həm infrastruktur, həm kadr hazırlığı, həm də maliyyələşmə mexanizmləri paralel şəkildə inkişaf etdirilməlidir./yenicag.az
