“Hazırkı mərhələdə Çinin İrana dəstək verməsi mümkündür. Lakin bu dəstəyin böyük miqyasda olacağı ehtimalı zəifdir”.
Bunu açıqlamasında politoloq Turan Rzayev deyib.
O, İranın varlığının qorunması və Pekinin regional maraqlarının təmin olunması kontekstində Tehrana göstəriləcək yardımın perspektivləri barədə fikirlərini bölüşüb. Politoloq bildirib ki, Çinlə İran arasında uzunmüddətli əməkdaşlıq mövcuddur:
“Bu əməkdaşlıq həm hərbi, həm də iqtisadi sahədə davam edir. Əslində, ABŞ-nin İrana müdaxiləsinin və endirdiyi zərbələrin əsas səbəblərindən biri də Çin amili ilə bağlıdır. Bu, faktiki olaraq Çinə verilən bir ‘gözdağı’dır. Çünki Çin hazırda ABŞ-nin əsas rəqibi hesab olunur və iqtisadi baxımdan bir çox sahədə Amerikanı geridə qoyub. Bu reallıq isə Vaşinqtonu ciddi şəkildə narahat edir.
Digər tərəfdən, Çin ABŞ-dən fərqli olaraq dünyada çox az sayda hərbi bazaya malikdir. Bu məhdudiyyət müəyyən mənada ABŞ-nin strateji üstünlüyünü qorusa da, Pekinin artan nüfuzu qıcıq yaradır. Vaşinqton artıq Pekinin təsir dairəsinə daxil olmaq istədiyi regionlardakı qüvvələri zəiflətməyə çalışır. Yəni baş verənlər, hər şeydən əvvəl, ABŞ-nin Çinə yönəlmiş strateji zərbəsi kimi qiymətləndirilə bilər.
Hazırkı mərhələdə Çinin İrana dəstək verməsi mümkündür, lakin bu dəstəyin genişmiqyaslı olacağı ehtimalı aşağıdır. Çünki İsrail İranın mühüm obyektlərinə zərbələr endirir, ABŞ də analoji addımlar atır. Bundan əlavə, Fransa, Böyük Britaniya və Almaniyanın da prosesə qoşulmaq ehtimalı var. Əgər bu ölkələr də aktiv iştirak etsələr, proses daha kritik mərhələyə keçə bilər. Belə bir şəraitdə Çinin yüksək riskli və nəticəsi qeyri-müəyyən olan investisiyalara gedəcəyini düşünmək çətindir.
Ona görə də Çin siyasi və diplomatik dəstək nümayiş etdirə bilər, lakin bu yardım gözlənilən səviyyədə irihəcmli olmayacaq. Yalnız gərginlik azalarsa və vəziyyət sabitləşərsə, o zaman iri investisiyaların və daha açıq dəstəyin yenidən gündəmə gəlməsi istisna deyil”, – deyə politoloq qeyd edib./yenicag.az
