Ölkəmizin elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin dəst-xətti, izi, sözü hiss olunmasın. Ekoloji istiqamət də bu sahələrdən biridir. Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən o, Bakıda və ölkənin bütün bölgələrində təbiəti mühavizə istiqamətində bir çox ilklərə imza atdı, çox böyük yeniliklərin əsasını qoydu. Heydər Əliyev Bakının yaşıllaşdırılmasının ən vacib dövlət siyasəti olduğunu çıxışlarında dəfələrlə qeyd edib.
“Bir ağacı əkib, becərmək, onu böyütmək bir övladı böyütməyə bərabərdir. Mən bunu bilirəm, öz həyatımda, təcrübəmdə yaşamışam. Çünki Bakıda ağac əkmək çətindir. Yadınıza salın, vaxt vardı, Bakıda ağac yox idi, əsrin əvvəlində Bakıya gələn Maksim Qorkinin sazlərini yadınıza salın, Mayakovskinin sözlərini xatırlayın, 20-ci illərdə Bakıya gəldiyini, cəmi 2-3 ağac gördüyünü deyirdi.Ancaq biz Bakını yaşıllaşdırdıq. Küçələri, meydanları yaşıllaşdırdıq. Bakıxanov qəsəbəsində, Badamdar qəsəbəsində, Xalqlar Dostluğundakı o ağacları biz nə qədər əziyyətlə əkdik, böyütdük. Məşhur şənbə iməcliklərimizin hesabına. İnsanlar o ağacları əkirdi, hər həftə suvarırdılar. Bu Bakı üçün idi, xalq üçün idi, təbiət üçün idi.”
Bu sözlər ümummilli liderin niqtindəndir. O Bakıda salınan yaşıllığın hər metrəsi üçün insanların əziyyətinin olduğunu, bu işdə hamımızın birgə əmək sərf etməyimizin vacibliyini vurğulayırdı: “Bizim bu birgə əməyimizi məhv edənlər, o ağacları kəsənlər, təbiətə zərər verənlər vətənə xainlik edirlər. Kəsilən ağacların yerində yenisini əkmək görün nə qədər vaxt alacaq. O ağacları kəsənlər hesab edin ki, mənim balalarımın başını kəsiblər. O ağacları kəsənlər gərək haqq-ədalət məhkəməsi qarşısında cavab versinlər.”
Məhz Heydər Əliyevin həm sovetlər dönəmində, həm də 1993-cü ildən başlayaraq apardığı ekoloji islahatlar nəticəsində ölkəmizdə yeni institutlar yaradıldı, Respublikamızda ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Xatırlatmaq istərdim ki, Heydər Əliyev çıxışlarının birində demişdir: “1970-ci ildə mən ilk dəfə Bakıda yaşıllıq işləri aparılması təklifini irəli sürdüm, böyük bir proqram hazırladıq və Bakını sürətlə, ilbəil yaşıllaşdırmağa başladıq. Doğrudur, mən Azərbaycandan gedəndən sonra və xüsusən 1987-1988-ci illərdə çox nadan adamların respublikamıza rəhbərlik etdikləri dövrdə, bundan sonra Azərbaycanda, o cümlədən Bakıda hərc-mərclik, özbaşınalıq hökm sürdüyü zamanda cinayətkar adamların, dəstələrin böyük vəzifələr tutduğu, hakimiyyətə gəldiyi dövrdə Azərbaycan, Bakı üçün əziz olan bu sahə nəinki unuduldu, hətta, bizim böyük əziyyətlərlə əkdiyimiz, becərdiyimiz, boya-başa gətirdiyimiz ağacları kəsməyə başladılar”.
Heydər Əliyevin bu istiqamətdə apardığı siyasət nəticəsində 1989-1997-ci illər ərzində respublikamızda 45 min hektar sahədə meşə bərpa işləri aparılıb. Həmçinin 1969-1982-ci illərdə Azərbaycan ərazisində eroziyaya məruz qalmış və kənd təsərrüfatına yararlılıqdan çıxmış ekoloji yararsız torpaqlarda, Xəzərin sahilindəki qumluqlarda 68,1 min hektar sahədə qoruyucu meşə zolaqları salındı. 1990-1997-ci illərdə isə 4800 hektar sahədə eyni işlər həyata keçirildi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi ilə ekoloji məsələlər bir daha ön cərgəyə çəkildi, meşə, torpaq, su və s. haqqında bir sıra yeni qanunlar qəbul edildi: “1998-ci ildə ekoloji prioritetləri müəyyən edən “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı” hazırlandı. Həmin dövrdə qəbul edilən qanunlar Azərbaycanın ekoloji sabitliyinin qorunması üçün vacib baza rolunu oynadı və bu gün də ölkənin dayanıqlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir.
Heydər Əliyevin ekoloji siyasətinin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ekoloji sabitlik və təbii ehtiyatların qorunmasını prioritet kimi qəbul etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yaşıl inkişafı və təbiət mühafizəsi sahəsində genişmiqyaslı işlər həyata keçirilir. Bu işlər Azərbaycan xalqının təbiətə olan bağlılığını, ölkəmizin yaşıllaşdırma və ekoloji inkişaf sahəsində apardığı siyasətin uğurunu bir daha göstərir.
Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə paytaxtda ardıcıl tədbirlər davam etdirilir. Yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.
Prezident İlham Əliyev çıxışlarının birində xüsusilə vurğulamışdı ki, “ağacların əkilməsi şəhərin ekoloji vəziyyətini böyük dərəcədə yaxşılaşdırır. Milyonlarla ağac əkilmişdir. Bu gün Bakı yaşıl parklar, bağlar şəhəridir. Parkların sayına görə, hesab edirəm ki, Bakı dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim ən böyük parkımız olan bulvarın məsafəsi 3 kilometrdən 15 kilometrə uzadıldı. Mərkəzi Park indi şəhərə yeni yaraşıq verir. ”
Həmçinin qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri də ekologiya və təbiət mühafizəsi sahəsində böyük əhəmiyyət kəsb edir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkədə ətraf mühitin qorunması, yaşıllaşdırma və ekoloji maarifləndirmə sahəsində müxtəlif layihələr həyata keçirir. Mehriban xanım Əliyevanın dəstəyi ilə keçirilən “Yaşıl Marafon” kimi genişmiqyaslı layihələr əhalinin ekoloji məsuliyyətini artırmağa və yaşıllıq ərazilərinin genişləndirilməsinə xidmət edir. Bununla yanaşı, Fondun ölkə daxilində müxtəlif təbiət abidələrinin bərpası, ekoloji maarifləndirmə və ictimaiyyətin təbiətə diqqətini artırmaq üçün təşkil etdiyi tədbirlər də Azərbaycanın ekoloji davamlılığının təmin edilməsində mühüm rol oynayır.
2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi isə Azərbaycanın ekoloji problemlərin qlobal həllinə töhfə vermək niyyətini göstərir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ekologiya sahəsində qoyduğu mirası qorumaqla yanaşı, Azərbaycanı ekoloji dayanıqlıq və yaşıl iqtisadiyyat sahəsində lider ölkələrdən birinə çevirməyi hədəfləyir. Bu tədbirlər Azərbaycanın ekoloji və iqtisadi inkişafının bir-birini tamamlayan iki mühüm sütun olduğunu göstərir. Heydər Əliyevin ətraf mühitə olan sevgisi və onun qoyduğu miras, Azərbaycan xalqının gələcək nəsillərə yaşıl bir ölkə miras qoyma hədəfinin əsasını təşkil edir.
2026-cı ildə qlobal ekologiyanın dərin mahiyyətini təhlil edərkən, ekoloji siyasətin bu anlayışlarla vəhdət təşkil etdiyini aydın şəkildə görürük. Çünki suverenlik təkcə siyasi sərhədlərin deyil, ekoloji sərhədlərin, təbii resursların və gələcək nəsillərin hüquqlarının da qorunması deməkdir.
Bu əziz günlərdə, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin doğum günündə, onun əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edir, təbii sərvətlərin qorunmasına və hüquqi dövlətin ekoloji dayaqlarının möhkəmləndirilməsinə xidmət edən strateji baxışını bir daha vurğulayırıq.
Yaşar Salahov,
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktor müavini
