“Ona deyirlər ki, ukraynalılar tükənib”
Rusiya hərbi komandanlığı Vladimir Putini payıza qədər bütün Donbasın ələ keçirilməsini başa çatdıracağına inandırıb.
Bunu “Financial Times” qəzeti Rusiya rəhbərliyinə yaxın mənbələrə və Ukrayna kəşfiyyatına istinadla yazıb. Mənbələr iddia edir ki, Donbasın mümkün ələ keçirilməsindən sonra Putin “atəşkəsin qiymətini qaldırmağı” planlaşdırır.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski hesab edir ki, Donbasda uğur qazanacağı təqdirdə bu, Kremlin Xerson və Zaporojyenin qalan hissələrilə bağlı iddialar irəli sürməsinə imkan verəcək.
Yazıda iddia olunur ki, Putin bütün Donbası ələ keçirmək istəyindən vaz keçmək fikrində deyil.
Müharibəyə son qoymaq üçün qeyri-rəsmi danışıqlarda iştirak edən iki mənbə qəzetə deyib ki, Putinin “əsl ambisiyaları” hələ də Ukraynanın əksər hissəsi, o cümlədən Dnepr bölgəsi, Kiyev və Odessa üzərində nəzarəti ələ keçirməkdən ibarətdir: “Unutmayın ki, plan həmişə Kiyevi ələ keçirmək olub. Məqsəd qoyulub və ona nail olmaq lazımdır. Putinə deyilir ki, ukraynalılar çətinlik çəkir, cəbhələri çökür və onların əsgərləri tükənib”.
Danışıqlara gəldikdə, qəzetin hər iki tərəfin mövqeyi ilə tanış olan mənbələrinə görə, Ukrayna və Rusiya Yaxın Şərqdə müharibə bitdikdən sonra belə, ABŞ-nin vasitəçiliyi ilə sülh danışıqlarının bərpası perspektivlərinin az olduğunu düşünürlər.
Qeyd edilir ki, 12 mayda jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti Donald Tramp, Rusiyanın “bütün Donbası” alacağına dair Putinlə heç bir razılaşmasının olmadığını bildirib. O, həmçinin bu il Rusiyaya səfər edə biləcəyini deyib və Ukraynadakı müharibəyə son qoymaq üçün “nə lazımdırsa” edəcəyini qeyd edib. Tramp həmçinin, müharibənin sonunun yaxınlaşdığını iddia edib.
Lakin “Financial Times”-a danışan mənbələrə görə, tərəflərdən heç biri danışıqların davam etdirilməsində məna görmür. Nəşrin məlumatına görə, Ukrayna Rusiya ilə fevral ayındakı son mərhələdən sonra danışıqların çıxılmaz vəziyyətə düşdüyünə inanır və Vaşinqtonun Putinə təzyiq göstərməməsindən məyusdur.
Moskva Ukraynada atəşkəs üçün şərt kimi Ukrayna qoşunlarının Donetsk bölgəsindən çıxarılmasını göstərir. Ukrayna isə mövcud cəbhə xətti boyunca hərbi əməliyyatların dayandırılmasını təklif edir – bu halda Ukrayna Donbasının hamısı olmasa da, əksər hissəsi Rusiyanın nəzarəti altında qalacaq. Lakin Ukrayna bunu hüquqi olaraq tanımaq niyyətində deyil./azpolitika.info
