Məlum olduğu kimi, sabahdan etibarən Azərbaycan və Gürcüstan arasında sərnişin qatarı reysləri bərpa ediləcək. Bununla da, beş ildən artıq fasilədən sonra Bakı–Tbilisi–Bakı marşrutu yenidən fəaliyyətə başlayacaq.
Pandemiya dövründə dayandırılan dəmir yolu əlaqəsinin yenidən açılması həm turizm sektoru, həm də iki ölkə arasında sərnişin daşımaları baxımından mühüm addım hesab olunur. COVİD-19 pandemiyası səbəbindən 19 mart 2020-ci ildən etibarən dayandırılan qatar reysləri xüsusilə quru sərhədlərin bağlı olduğu dövrdə minlərlə insanın səfər imkanlarını məhdudlaşdırmışdı. Həmin müddətdə Azərbaycan və Gürcüstan arasında əsas sərnişin daşımaları hava nəqliyyatı vasitəsilə həyata keçirilirdi ki, bu da həm qiymət, həm də əlçatanlıq baxımından hər kəs üçün uyğun olmurdu.
Yeni qərarla birlikdə Bakı və Tbilisi arasında dəmir yolu əlaqəsinin bərpası turist axınının yenidən artacağı ilə bağlı gözləntiləri gücləndirib. Xüsusilə əvvəllər hər iki ölkə arasında quru yolla intensiv şəkildə həyata keçirilən turizm səfərlərinin yenidən canlanacağı ehtimal edilir.
Məlumat üçün bildirək ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 175 ölkəsindən 658,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Rəsmi statistikaya əsasən, 2019-cu ildə quru sərhədlər açıq olarkən Gürcüstandan Azərbaycana turizm məqsədilə 600 mindən çox insan səfər edib. Həmin şəxslərin böyük əksəriyyəti – təxminən 98 faizi ölkəyə quru nəqliyyatı vasitəsilə daxil olub, hava yolu ilə gələnlərin sayı isə cəmi 11 minə yaxın olub. 2025-ci ildə quru sərhədlərin bağlı qalması isə turist axınına ciddi təsir göstərib. Bu dövrdə Gürcüstandan Azərbaycana gələn turistlərin sayı 64 min nəfərə qədər azalaraq 2019-cu illə müqayisədə 9 dəfədən çox aşağı düşüb.

Əsas turist hərəkəti Azərbaycandan Gürcüstan istiqamətində olub. Belə ki, 2019-cu ildə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 354 min nəfər təşkil edib. Onların da təxminən 98 faizi səfəri quru yoluyla edib, hava nəqliyyatından istifadə edənlərin sayı isə 28 min nəfərdən bir qədər çox olub. Quru sərhədlərin bağlı olduğu 2025-ci ildə isə Azərbaycandan Gürcüstana gedən turistlərin sayı da kəskin şəkildə azalaraq 129 min nəfərə enib. Bu göstərici 2019-cu illə müqayisədə 10 dəfədən çox azalma deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, turizm məqsədilə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının bu ölkədə xərclədikləri vəsait isə 138 milyon manat (81,2 milyon dollar) olub. Bir nəfərə düşən orta xərc 628 dollar (1 068 manat) təşkil edib. Gürcüstandan gələn turistlərin adambaşına orta xərci isə təxminən 752 manat təşkil edib. Bu hesabla, onların Azərbaycanda ümumi xərci təxminən 48,3 milyon manat olub.
Bəs maraqlıdır, sərnişin qatarının işə düşməsi Azərbaycan, yoxsa Gürcüstana daha çox sərf edəcək?
Bu barədə iqtisadçı Xalid Kərimli şərhində bildirib ki, sərnişindaşımaların bərpası iki ölkə arasında həm turizm, həm də iqtisadi əlaqələrin yaxşılaşmasına səbəb olacaq. Onun sözlərinə görə, bu addım turizm və ticarət istiqamətində münasibətlərə müsbət impuls verəcək.

İqtisadçı qeyd edib ki, Gürcüstanda çoxsaylı azərbaycanlılar yaşayır və qatar vasitəsilə sərnişin daşımalarının bərpası sosial baxımdan da mühüm əhəmiyyət daşıyır: “Vətəndaşların daha rahat şəkildə sərhədi keçməsi sosial aspekt baxımından önəmlidir. Bu qərar turizmə də müsbət təsir göstərəcək. Doğrudur, hava nəqliyyatı ilə əlaqə mümkün idi, amma burada zaman-zaman baha qiymətlərlə rastlaşırdıq. Hava nəqliyyatı ciddi diskomfort yaradırdı. Bakı–Tbilisi reysi mövcud olsa da, Gürcüstan sərhədinə yaxın ərazilərdə yaşayan insanlar üçün bir neçə saatlıq səfər bəzən bir sutkalıq səfərə çevrilirdi. Bu isə həm vaxt itkisinə, həm də daha baha xərclərə səbəb olurdu. Bu, ciddi problem idi”.
Xalid Kərimli bildirib ki, sərnişin qatarlarının yenidən fəaliyyətə başlaması turizmin yaxşılaşmasına da təkan verəcək: “Sərhədlərin bağlı olması yerli turizm obyektlərinin vətəndaşlara daha yüksək qiymətlər təklif etməsinə gətirib çıxarırdı. Vətəndaşların alternativ sərhəd keçmə imkanı olmadığından insanlar daha çox daxili turizmə yönəlirdi. Bu da bəzi turizm obyektlərinin fürsətdən istifadə edərək yüksək qiymətlər müəyyən etməsinə səbəb olurdu. Sərhədlərin bu formada açılması gediş-gəliş turizmini canlandıracaq”.
İqtisadçı hesab edir ki, dəmir yolu xətti üzərində yerləşən rayonlar, xüsusilə sərhədyanı bölgələr də bundan iqtisadi baxımdan faydalanacaq: “Dəmir yolu xətti üzərində olan rayonlarda, xüsusilə sərhədyanı ərazilərdə ticarətin canlanması müşahidə olunacaq. İqtisadi aktivlik artacaq. Gürcüstan və Türkiyə Orta Dəhlizin əsas elementləridir. Bu amil beynəlxalq turizm baxımından da diqqət çəkir. Tiflisə gələn turistlərin Bakıya gəlmək istəyi çox olur. Onlar da daha rahat və ucuz çatdırılma imkanlarından istifadə edə biləcəklər. Bu isə xaricdən hər iki ölkəyə gələcək turistlərin sayına müsbət təsir göstərəcək”./azpolitika.info
