Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin şimalında “Şimal dəhlizi” və dəmir yolu şəbəkəsi ilə bağlı ciddi geosiyasi və iqtisadi proseslərin getdiyini bəyan edib. İrəvanın Malatiya-Sebastiya inzibati rayonunda seçicilər qarşısında çıxış edən Paşinyan, detalları tam açıqlamasa da, yaxın gələcəkdə regionun logistik xəritəsini dəyişəcək layihələrin anonsunu verib.
Erməni mediası xəbər verir ki, Ermənistan rəhbərliyinin son həftələrdə bu layihəni aktiv gündəmə gətirməsi təsadüfi deyil.
Ekspertlər diqqəti ona çəkir ki, Paşinyan “Şimal dəmir yolu”nun üstünlüklərindən məhz Rusiyanın erməni məhsullarının idxalına məhdudiyyətlər qoyduğu və İrəvana “Avrasiya İqtisadi İttifaqı (Aİİ), yoxsa Avropa İttifaqı (Aİ) arasında seçim et” bəyanatları səsləndirdiyi kritik bir dövrdə danışmağa başlayıb. Bu addım rəsmi İrəvanın Rusiyadan iqtisadi asılılığı azaltmaq üçün alternativ yollar axtardığının göstəricisidir.
Paşinyan layihənin iqtisadi miqyasını bu sözlərlə təsvir edib: “Məlum olur ki, Şərqdən Qərbə gedən ən qısa yol məhz Ermənistanın şimalından – Tavuş, Lori və Şörəyel (Şirak) vilayətlərindən keçir. Artıq bu gün ilkin olaraq yük avtomobilləri üçün şimalda ödənişli magistral yolun açılması müzakirə olunur. Bu layihə Ermənistana milyardlarla dollar gəlir gətirəcək. Biz yaxın gələcəkdə Şimal dəmir yolu məsələsi ilə çox ciddi məşğul olacağıq”.
Baş nazirin sözlərinə görə, bu nəqliyyat xəttinin reallaşması qarşısında duran əsas maneə Paşinyanın doğulduğu Karvansara (İcevan) rayonu yaxınlığındakı Axarkand (ermənilər sonradan Haxarsin adlandırıb) kəndi ərazisindəki sürüşmə zonasıdır. Bu hissənin bərpası və dəmir yolunun işlək vəziyyətə gətirilməsi üçün 500 milyon dollar vəsait tələb olunur.
Paşinyan bu böyük məbləği tapmaq üçün layihənin məntiqini dəyişdiklərini bildirib: “Yeni plana görə, Karvansara (İcevan) – Aşağı Axta (Hrazdan) dəmir yolu xətti Lermontovo kəndi ərazisindən keçərək Qarakilsə – Böyük Qarakilsə xəttinə çox yaxınlaşır. Bu iki xətt arasında cəmi 6 kilometrlik kəsik sahə var.
Ermənistan hökumət rəhbərinin iddiasına görə, əgər bu iki dəmir yolu qolu birləşdirilərsə, Şərqlə Qərbi birləşdirən ən qısa dəmir yolu marşrutu yaranacaq. Paşinyan əmindir ki, layihə bu formatda təqdim olunarsa, sürüşmə zonasının təmiri üçün tələb olunan 500 milyon dolları qoymağa hazır olan beynəlxalq investorlar dərhal tapılacaq”./azpolitika.info
