Rusiyanın ən tanınan və Kremlin hesablaşdığı politoloqlardan biri, Rusiya Federasiyasının Xarici və Müdafiə Siyasəti Şurasının sədri Sergey Karaqanov dəfələrlə bəyan edib ki, Rusiya Ukraynada yalnız hərbi məqsədlərinə çatmaq üçün deyil, həm də qlobal güc balansını dəyişdirmək üçün qələbə qazanmalıdır. Bu qələbə isə nüvə silahı tətbiq edilmədən mümkün olmayacaq.
Eyni nüvə bəyanatlarını tez-tez sabiq preizdent və hazırkı Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev də verir. Vladimir Putinin özü də dəfələrlə oxşar nüvə eyhamları vurub. Hələ Rusiya dövlət kanallarında Vladimir Solovyovdan Yuliya Skabeyevaya qədər bütün təbliğat proqramlarında Ukraynaya, Avropaya nüvə zərbəsi çağırışlarının və təhdidlərinin ardı-arasının kəsilmədiyini demirik.
Üstəlik, Rusiya öz nüvə doktrinasını dəyişib və Belarusda nüvə silahı yerləşdirdiyini, nüvə qüvvələrinin hazırlıq vəziyyətini artırdığını, yeni qitələrarası nüvə raketlərini uğurla sınaqdan keçirdiyini bəyan edib və s.
Lakin bütün bunlara baxmayaraq, Rusiyanın nüvə ritorikası əksər təhlilçilər tərəfindən yalnız blef kimi qəbul olunur və bunun real hərəkətlərə, nüvə zərbələrinə keçəcəyi böyük şübhə ilə qarşılanır. Bu zaman vacib arqumentlərdən biri kimi, Rusiyanın əsas tərəfdaşı və “dayağı” sayılan Çinin qətiyyətlə nüvə eskalasiyasının əleyhinə olan mövqeyi göstərilir. Çünki Rusiya hətta ən kiçik taktiki nüvə silahından istifadə etsə belə, dünyada nüvə “pandorra qutusu”nun ağzı açılacaq. Çinin öz ətrafındakı Tayvandan Cənubi Koreyaya qədər bir çox ölkələr nüvə silahı əldə etməyə çalışacaq, bunun üçün əsasları yaranacaq və onları Avropa və ABŞ-nin timsalında bu silahla təmin edənlər də mütləq tapılacaq. Kreml nüvə silahından istifadə etsə, Çin başda olmaqla, olan-qalan müttəfiqləri də(Şimali Koreya istisna olmaqla) onunla bütün əlaqələri kəsə bilər və bu, Rusiyanın tam təcrid olunması, ardınca da mümkün iqtisadi, hətta tam siyasi süqutu demək olar.
Bunlar məsələnin sırf geosiyasi tərəfləridir. Bir də bunun praktiki tərəfi var. Birincisi, nüvə silahından istifadə cəbhədə heç nəyi dəyişməyəcək. Çünki onu cəbhə xəttində tətbiq etmək mümkün deyil, bu halda təkcə qarşı tərəf yox, Rusiyanın öz canlı qüvvəsi də məhv ola bilər. Üstəlik, nüvə ilə zəhərlənmiş ərazilərdən keçib irəliləmək də müşkül məsələdir və hətta buna nail olunsa belə, Rusiya heç nəyə yaramayan radiasiyalı ərazidən başqa heç nə əldə etməyəcək.

Yox, əgər Kiyev, yaxud Ukraynanın qərbindəki hansısa digər iri şəhər nüvə silahı ilə vurularsa, yenə bunun cəbhəyə heç bir təsiri olmayacaq. Əvəzində, bunun Ukraynanın kapitulyasiya aktı imzalayacağı ilə nəticələnəcəyinə inanmaq isə sadəlövhlük olardı. Əksinə, bu halda ABŞ və Avropanın əl-qolu daha da açılar, Ukraynaya dəstək Qərb üçün strateji maraqların təminatından açıq ölüm-dirim mövzusuna çevrilər. Bu zamansa Rusiya təkbaşına Qərbin qarşısında duruş gətirə bilməz.
Qalır Avropaya nüvə zərbəsi endirilməsi. Bu da öz növbəsində nüvə apokalipsi və dünyanın sonunun gəlməsi ssenarilərini yaradır. Azı 150 il yaşamaq niyytində olduğu iddia edilən və bunun üçün elmi araşdırmalara milyardlar ayıran Putinin və ətrafının nüvə apokalipsinə – ölümə hazır olduğunu deməksə olduqca çətindir…
Rusiyalı jurnalist Dmitri Çernışovun Kremlin nüvə blefi ilə bağlı bu günlərdə dərc edilən yazısında deyilir: “Rusiyaya, Lukaşenko kimi, sadəcə obyektlərin xəritəsi göstəriləcək. Və o, susacaq”. Söhbət, Ukraynanın Lukaşenkoya sərhəddəki retranslyatorlarla bağlı xəbərdarlığından və Belarus ərazisində vurulacaq 500 hədəfin müəyyən edildiyinə dair bəyanatından gedir. Məlum olduğu kimi, həmin xəbərdarlıqlardan sonra Lukaşenko Belarus ərazisində Rusiyanın Ukraynanı vurmaq üçün istifadə etdiyi retranslyatorları söndürdü və sülhdən daha çox danışmağa başladı…
Çernışov Rusiyanın nüvə təhdidinin niyə blef olduğunu və “Rusiyaya, Lukaşenko kimi, sadəcə obyektlərin xəritəsi göstəriləcək və o, susacaq” fikrini belə izah edir: “Müharibə təbliğatı rusları hələ də müharibəni qazanmaq şanslarının olduğuna inandırmağa çalışır. Onlara deyirlər ki, hələ hər şey itirilməyib… Amma əslində, Rusiyanın nüvə təhdidi blefdir. Təkcə ona görə yox ki, dərhal Rusiyanın tam blokadası olacaq, Ukraynaya minlərlə qanadlı raket veriləcək və s.
Həm də ona görə ki, hətta bu gün belə Ukraynanın nüvə şantajına cavab vermək üçün imkanı var. Lukaşenkoya retranslyatorları söndürməyəcəyi təqdirdə Belarusda sıradan çıxarılacaq obyektlərin xəritəsi göstərildi və Lukaşenko onları söndürdü. Beləliklə, Rusiyaya da sadəcə nüvə bombası istifadə etmək qərarına gəldiyi təqdirdə sıradan çıxarılacaq obyektlərin xəritəsi göstəriləcək. Rusiya da susacaq. Çünki Ukraynanın nüvə bombasına cavab zərbəsi dəhşətli olacaq. Belə ki, Rusiyanın Avropa hissəsində bir neçə nüvə elektrik stansiyası var. Bu stansiyalarda kifayət qədər yaxşı qorunan reaktorların özünə hücum etməyə ehtiyac yoxdur. Buradakı turbin zallarını, soyutma sistemlərini, işlənmiş yanacaq saxlama qurğularını və mərkəzi elektrik yarımstansiyalarını raket və PUA zərbələrilə sıradan çıxarmaq kifayətdir. Bunlara vurulan ziyan soyutma sistemlərinin enerji itkisinə və aktiv nüvə ərazisinin əriməsinə səbəb ola bilər – Fukusimada olduğu kimi.
Nüvə elektrik stansiyasını sıradan çıxarmaq neft emalı zavodunu sıradan çıxarmaqdan heç də çətin deyil və Ukraynanın bunun üçün raketləri var. Onların atış məsafəsi də yaxşıdır. Düşünürəm ki, Leninqrad, Kursk, Rostov, Smolensk və ya Kalinin AES-lərində baş verəcək qəzaların hansı nəticələr yaradacağını izah etməyə ehtiyac yoxdur. Beləliklə, bu oyun ikitərəfli oyun ola bilər və ruslar nə qədər tez başa düşsələr ki, əllərində heç bir kozır qalmayıb və bu müharibədə uduzublar, sülh bir o qədər tez başa gələr”.
