“Sosial şəbəkələr müasir dövrdə uşaqların gündəlik həyatına çox erkən yaşlarda daxil olur və bu, onların beyin inkişafına, psixoloji vəziyyətinə təsirsiz keçmir. Uşaq beyni hələ tam formalaşmadığı üçün xüsusilə diqqət, emosiyaların idarə olunması və qərarvermə funksiyaları inkişaf mərhələsində olur. Bu dövrdə xarici stimulların xarakteri çox önəmlidir”.
Bu sözləri açıqlamasında pediatr Aytən Ziyadova deyib.

O bildirib ki, uşaqlar sosial şəbəkələrdə gördükləri seçilmiş və idealizə olunmuş görüntüləri real həyat kimi qəbul edə bilirlər:
“Bu zaman öz həyatlarını başqaları ilə müqayisə etməyə başlayır və bu da özünəinamın aşağı düşməsinə, narazılıq hissinə və emosional gərginliyə səbəb olur. Bəzi hallarda depressiv əlamətlər də müşahidə olunur. Eyni zamanda, gecə saatlarında ekran istifadəsi yuxu hormonlarının ifrazını azaldır və yuxu ritmini pozur. Yuxu isə uşağın həm beyin inkişafı, həm yaddaşı, həm də emosional sabitliyi üçün əsas faktordur. Yuxu pozulduqda diqqət dağınıqlığı, əsəbilik və davranış dəyişiklikləri daha çox görünür. Bu səbəbdən beynəlxalq pediatrik tövsiyələr uşaqlarda ekran istifadəsinin yaşa uyğun şəkildə məhdudlaşdırılmasını və valideyn nəzarətini vacib hesab edir. Nəticə olaraq, sosial şəbəkələr tamamilə zərərli bir fenomen deyil, amma uşağın inkişaf edən beyni üçün nəzarətsiz istifadə ciddi risklər yaradır. Ona görə əsas yanaşma qadağa deyil, yaşa uyğun məhdudlaşdırma, nəzarət və düzgün yönləndirmə olmalıdır”.
“Uşaq beyni inkişaf mərhələsində olduğu üçün bu dövrdə xarici mühitin təsirinə reaksiya çox həssas olur. Bu müddətdə uşağın aldığı stimullar onun neyroinkişafına birbaşa təsir göstərə bilir. Son illərdə praktikada ən çox müşahidə etdiyimiz məsələlərdən biri diqqət dağınıqlığı və öyrənmə çətinlikləridir. Terminologiyada DƏHB (Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozuntusu) kimi adlandırlan diqqət əksikliyi müasir zamanda ciddi problemə çevrilib. Valideynlər çox vaxt uşağın dərsə köklənə bilmədiyini və fokuslanmaqda çətinlik çəkdiyini qeyd edirlər. Araşdırdığımız zaman görürük ki, uşaq uzun müddət qısa videolar, oyunlar və sosial şəbəkə məzmunu ilə məşğul olur, bu isə beynin sürətli dəyişən stimullara öyrəşməsinə səbəb olur və daha sakit, davamlı diqqət tələb edən fəaliyyətlər çətinləşir”, – deyə həkim vurğulayıb.
Müsahibimiz qeyd edib ki, digər çox rast gəlinən problem yuxu pozuntularıdır:
“Uşaqların gec yatması, gecə oynanılan oyunlar və səhər yuxudan yorğun oyanmaq artıq geniş yayılıb. Burada əsas faktorlardan biri yatmazdan əvvəl ekran istifadəsidir. Ekrandan gələn işıq və informasiya beyinə “aktiv qal” siqnalı verir və nəticədə yuxu ritmi pozulur. Bu isə həm yaddaşa, həm də emosional sabitliyə təsir edir, dəyişikliyə səbəb olur. Bəzi uşaqlar daha tez əsəbiləşir, daha az səbirli olur və istədikləri dərhal olmadığı zaman sərt reaksiya verirlər. Bunun səbəblərindən biri də sosial şəbəkə və rəqəmsal mühitin “dərhal nəticə” prinsipi ilə işləməsidir. Uşaq real həyatda gecikmiş nəticələrlə qarşılaşanda uyğunlaşmaqda çətinlik çəkir”.
“Eyni zamanda, real sosial ünsiyyətin azalması da diqqət çəkir. Uşaqlar üz-üzə oyun oynamaq, söhbət etmək, göz kontaktı qurmaq kimi bacarıqlardan uzaqlaşırlar. Bu isə uzunmüddətli perspektivdə sosial adaptasiyaya təsir göstərir. Müşahidə etdiyim ən vacib məqamlardan biri də odur ki, problem yalnız uşaqda deyil, çox vaxt mühitdədir. Valideynlərin də ekrana həddindən artıq bağlı olması uşaqlar üçün model rolunu oynayır. Uşaq daha çox gördüyünü mənimsəyir, dediyimizi yox. Ona görə də mən pediatr kimi yanaşanda “qadağa dili” istifadə etmirəm. Daha çox balans və idarəetmə üzərində danışıram. Ekran istifadəsinin yaşa uyğun məhdudlaşdırılması, yatmazdan əvvəl ekranın dayandırılması, real aktivliyin artırılması və ən əsası valideyn nümunəsi çox önəmlidir. Nəticə olaraq, sosial şəbəkələr və rəqəmsal mühit uşaqların həyatından tam çıxarıla bilməz, amma düzgün idarə olunmadıqda diqqət, yuxu, davranış və sosial inkişaf üzərində real təsirlər yaranır”, – mütəxəssis fikrini yekunlaşdırıb.
