Artıq neçənci dəfədir ki, Azərbaycan Ukraynadakı enerji obyektlərimizə vurulan zərbələrlə bağlı Rusiyaya nota verir. Dünən də Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq, Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinə dron hücumu ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.
XİN-in açıqlamasında da deyildiyi kimi, bu cür hücumlar ilk dəfə deyil baş verir. Bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərə hücumlar edilib, şirkətə əhəmiyyətli maddi ziyan vurulub, şirkətin əməkdaşları arasında yaralananlar olub və sair. Həmçinin, Kiyevdəki Səfirliyimiz və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğumuz da belə zərbələrə məruz qalıb.

Ukraynada SOCAR YDM-ləri keyfiyyət və xidmət səviyyəsinə görə premium seqmentə aiddir və buna görə kifayət qədər populyardır. Lakin Azərbaycan şirkəti Ukraynada öz YDM-lərinin sayına və əhatə dairəsinə görə, heç ilk onluğa da daxil deyil. Belə ki, Ukraynada ümumilikdə 6000-dən çox YDM var və onlardan yalnız 60-a yaxını, yəni, cəmi 1 faizi SOCAR-a aiddir. Məsələn “Ukrnafta”-nın ölkədə 600-dən çox, “OKKO” və “WOG” şəbəkələrinin isə hər birinin təxminən 400 YDM-i var. Doğrudur, bu YDM-lərin də bəzilərio hədəf alınır. Lakin Rusiya PUA-larının 6000 YDM-in arasından məhz Azərbaycan şirkətinə aid məntəqəni vurması əlbəttə ki, təsadüfi deyil, əksinə, tam məqsədlidir!
Əlavə edək ki, Rusiya ilə Azərbaycan arasında məlum səbəblərdən gərginlik başlayana qədər SOCAR obyektlərinə bu cür hücumlar edilmirdi. Bu, bir daha mülki infrastrukturla “döyüşən” Moskvanın riyakarlığının sərhəd tanımadığını göstərir…
Bəs bu əmrlər kimlər tərəfindən verilir? Məhz Azərbaycan obyektlərini kimlər hədəfə gətirir?
Bəziləri Azərbaycana qarşı aqressiv addımların arxasında hansısa “Kreml qüllələrindən birinin” durduğunu iddia edirlər. Yəni, bunu Rusiya hakimiyyəti, ordusu daxilində Azərbaycana qarşı düşmən mövqeyində duran hansısa qruplaşma ilə əlaqələndirirlər. Əgər doğrudan da belədirsə, rəsmi Moskvanın və şəxsən Rusiya Prezidentinin ölkələrimiz arasındakı münasibətlərə qətiyyən müsbət təsir etməyən bu cür hücumların kimlər tərəfindən sanksiyalaşdırıldığını, kimlərin bu obyektləri hədəf seçdiyini müəyyən etməyə və bunun qarşısını almağa olduqca böyük vaxtı və imkanları olub, indi də var.

Sözsüz ki, Putin Azərbyacanın dəfələrlə təkrarlanan rəsmi etiraz notalarından da xəbərdardır, nə baş verdiyini də yaxşı bilir. Buna baxmayaraq, eyni hücumlar təkrarlanırsa, deməli məsələ “Kreml qüllələrinin birində” deyil, elə Kremlin – Rusiya hakimiyyətinin mövqeyindədir. Bu mövqe isə nə ölkələrimiz arasında prezidentlər səviyyəsində imzalanan “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” bəyannaməyə, nə də adi qonşuluq münasibətlərinə uyğun gəlmir…
Artıq aydın məsələdir ki, bu hücumların heç biri təsadüfi hücumlar və bu əmrləri verənlər də təsadüfi “təxribatçı komandirlər”, yaxud hansısa “üçüncü qüvvə” deyil. Ya da həmin “üçüncü qüvvə” varsa belə, bu, elə Rusiya hakimiyyətidir!
Bu hücumlar açıq şəkildə Azərbaycanın Ukraynadakı iqtisadi və siyasi maraqlarına qarşı sistematik kampaniyanın göstəricisidir. Bununla da təkcə kommersiya obyektləri deyil, həm də Azərbaycanın suveren maraqları, siyasi mövqeyi hücuma məruz qalır. Kreml bununla Azərbaycanın müstəqil enerji siyasətinin və Ukrayna ilə əlaqələrinin onu qıcıqlandırdığını açıq şəkildə nümayiş etdirir.
Əlbəttə ki, həmin YDM də, xəsarət alan digər obyektlərimiz kimi bərpa olunacaq, Azərbaycan öz suveren enerji və ümumilikdə xarici siyasətini kimsənin iradəsindən asılı olmayaraq davam etdirəcək. Ancaq Rusiyanın bizə qarşı bu cür düşmənçilik hərəkətləri də unudulmayacaq, unudulmamalıdır…
