Hesablama Palatası dövlət büdcəsinin icrası ilə bağlı 46-ya yaxın yeni tövsiyə təqdim edib.
Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində deyib.
Onun sözlərinə görə, büdcə müzakirələri zamanı Hesablama Palatasının təklifləri əsasında Maliyyə Nazirliyi və digər dövlət qurumları ilə birlikdə hesabatda və qanun layihəsində bir sıra dəyişikliklər edilib.
“Biz 46-ya yaxın yeni tövsiyə təqdim etmişdik. Bu tövsiyələr həm qanunvericilik, həm də institusional dəyişikliklərlə bağlıdır”, – deyə o bildirib.
V.Gülməmmədov əlavə edib ki, gələcəkdə beynəlxalq praktikaya uyğun olaraq dövlət büdcəsinə konsolidə edilmiş maliyyə hesabatları və fəaliyyət büdcəsi üzrə audit rəylərinin təqdim edilməsi Hesablama Palatasının əsas hədəflərindəndir.
Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya verdiyi birgə müsahibə iyulun 23-də saat 21:00-da tam şəkildə yayımlanacaq.
