Politoloq Fərhad Məmmədov hesab edir ki, İsrail və İran arasında baş verən müharibənin atəşkəslə nəticələnməsi formal olaraq münaqişənin sonu sayılsa da, əslində bu, olduqca qeyri-adi bir sonluqdur. Onun sözlərinə görə, tərəflər arasında heç bir sənəd imzalanmayıb, BMT Təhlükəsizlik Şurası səviyyəsində qərar qəbul edilməyib, diplomatik razılaşmalar hüquqi status qazanmadan, sadəcə şifahi atəşkəslə yekunlaşıb.
“Bu, beynəlxalq hüquq çərçivəsindən kənarda baş vermiş bir müharibədir. İran hələ də İsraili dövlət kimi tanımır, İsrail isə İranın nüvə proqramından imtinasına dair heç bir öhdəlik ala bilmədi. Beləliklə, biz yalnız müvəqqəti dayandırılmış bir münaqişənin şahidiyik,” – deyə F.Məmmədov bildirib.
Onun sözlərinə görə, ABŞ bu müharibədən maksimum strateji fayda əldə etməyə çalışıb. Zərbələr əsasən üç istiqamətdə olub:
1.İranın regional siyasəti və “müqavimət oxu”nun (Hizbullah, Husilər, Suriya rejimi və s.) zəiflədilməsi;
2.Nüvə proqramının infrastrukturu və kadr potensialına zərbə;
3.Ballistik raket proqramının məhdudlaşdırılması.
“Bu hədəflərə tam nail olunmasa da, ciddi ziyan vurulub. ABŞ bu fürsət pəncərəsindən maksimum istifadə etdi,” – deyə o, əlavə edib.
Fərhad Məmmədov bildirir ki, bu müharibə Cənubi Qafqaz üçün də təhlükə mənbəyi idi. Regionda radioloji risklər, İran daxilində sabitliyin pozulması və müəyyən döyüş elementlərinin bölgəyə keçməsi ehtimalı real idi. Lakin atəşkəs bu təhlükəni müəyyən qədər neytrallaşdırıb.
“İran, son iki ildə savaşdan zəifləyərək çıxan ikinci qonşu dövlətdir. Bundan sonra baş verəcək proseslər İranın seçəcəyi siyasi kursdan asılı olacaq – ya yaralarını sağaldaraq konstruktiv yol tutacaq, ya da ‘yaralı vəhşi’ kimi davranacaq.” -– deyə o, qeyd edib.
Politoloq hesab edir ki, İranın gələcək davranışı konstruktiv bəyanatlarla aqressiv ritorikanın qarışığından ibarət olacaq. Lakin istənilən halda İranın hərbi infrastrukturu və xalqın psixoloji sabitliyi zədələnib: “İran xalqı artıq illərlə formalaşdırılmış ‘təhlükəsizlik illüziyası’nı itirib. Hakimiyyətlə xalq arasında olan yazılmamış ictimai müqavilə pozulub. Bu, gələcək etirazların başlanğıcı ola bilər.”
Fərhad Məmmədovun fikrincə, İran–Azərbaycan münasibətləri də yeni mərhələyə qədəm qoyacaq:“Azərbaycanın ərazisi və hava məkanı bu müharibədə İrana qarşı istifadə olunmadı. Tehran bu qədərini kifayət hesab etməlidir. İran Azərbaycandan necə ehtiyatlı siyasət gördüsə, eyni münasibəti gözləməlidir.”
O əlavə edib ki, əgər İran hakimiyyəti daha konstruktiv davranmaq qərarı versə, bu həm Şimal-Cənub nəqliyyat dəhlizi, həm də Araz koridoru (Azərbaycan–Naxçıvan bağlantısı) layihələrinin irəliləməsinə səbəb ola bilər: “İran iqtisadiyyatı ciddi ziyan görüb və bu səbəbdən Tehranın xarici sərmayələrə, regional iqtisadi layihələrə daha açıq yanaşacağı gözləniləndir. Azərbaycan isə bu sahədə hər zaman əməkdaşlığa hazırdır.” /azpolitika.info
