“Azərbaycanla Ermənistan arasında sülh yalnız dar mənada mümkün olacaq” — “Heç kim unutmaq istəmir və unutmayacaq”
Politoloq Fərhad Məmmədov Azərbaycan və Ermənistan cəmiyyətlərində sülhün qavranılması, mövcud reallıqlar və mümkün perspektivlərlə bağlı geniş şərh verib. Onun sözlərinə görə, son dövrlərdə “Sülh körpüsü” təşəbbüsü çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri iki ölkədə sülh gündəmini yenidən aktuallaşdırıb.
F. Məmmədov bildirib ki, bu səfərlərə münasibət birmənalı olmayıb: “Reaksiyalar müxtəlif oldu — dəstəkdən tutmuş kəskin tənqidlərə və hətta xəyanət ittihamlarına qədər. Bu, başadüşüləndir”.
Politoloqun fikrincə, Azərbaycan–Ermənistan münaqişəsi etno-ərazi xarakteri daşıyıb və artıq ərazi məsələsi həllini tapıb: “Ərazi hissəsi nizamlanıb, Birgə Bəyannamə imzalanıb və sülh müqaviləsinin mətni paraflanıb. Çox şey, hətta demək olar ki, hər şey Ermənistanın parlament seçkilərindən asılıdır. Seçkilərdən sonra hökumətlər orta müddətli perspektiv üçün daha inamlı addımlar ata biləcəklər”.
Onun sözlərinə görə, sülh prosesində ən çətin mərhələ etnik komponentdir və bu məsələ dərin düşünmə tələb edir: “Azərbaycanda skeptiklərin sayı çoxdur, Ermənistanda isə seçkiqabağı vəziyyət fonunda neqativ daha da qızışdırılır. Minlərlə müharibə qurbanı var ki, onları heç kim unutmaq istəmir və unutmayacaq”.
F. Məmmədov vurğulayıb ki, müharibənin nəticələri bu gün də davam edir: “Birinci Qarabağ müharibəsində şəhid olmuş insanların qalıqlarının tapılması və dəfn edilməsi, azad edilmiş ərazilərdə minaların qurbanları, yaşayış məntəqələrinin girişində müharibədə həlak olanların fotoları olan posterlər — bütün bunlar daim xatırladır və cəmiyyətlər arasında qurulacaq sülhün sərhədlərini müəyyənləşdirir”.
Politoloq qeyd edib ki, son iki ay ərzində müxtəlif sosial qruplarla ünsiyyət nəticəsində mümkün sülhün cəmiyyətlərdə necə qəbul edildiyi ilə bağlı ümumi mənzərə formalaşıb.
Onun sözlərinə görə, ilk növbədə gələcəkdə baş verməyəcək ssenariləri aydınlaşdırmaq lazımdır: “Yaşlı nəsil üçün ‘ermənilərlə sülh’ mövzusu sovet dövrü xatirələri prizmasından qəbul edilir. Amma SSRİ dövründə olan münasibətlər geri qayıtmayacaq”.
F. Məmmədov bunun səbəblərini belə izah edib: “Birincisi, bu tarixi mərhələdə münaqişədən sonra xalqları zorla barışdıran üçüncü tərəf yoxdur və olmayacaq. Heç bir formada kənardan sülh zorla qəbul etdirilməyəcək.
İkincisi, Azərbaycan və Ermənistan SSRİ dövründə eyni dövlətin tərkibində idi, indi isə iki müstəqil ölkədir. Hətta ortaq hərbi-siyasi və ya iqtisadi bloklarda belə təmsil olunmuruq.
Üçüncüsü, sovet dövründən fərqli olaraq, Azərbaycanda kompakt şəkildə yaşayan erməni əhalisi yoxdur, Ermənistanda isə azərbaycanlılar yaşamır”.
Politoloqun fikrincə, müstəqillik dövründə formalaşmış gənc nəsil sülhü fərqli cür dərk edir, lakin bu model də yaxın perspektivdə real deyil: “Gənc nəsil üçün Ermənistanla sülh digər qonşularla münasibətlər kimidir. Amma orta müddətli perspektivdə bu da mümkün olmayacaq”.
F. Məmmədov bildirib ki, Azərbaycan digər qonşu ölkələrlə — Rusiya, Qazaxıstan, Gürcüstan, Türkiyə, İran və Türkmənistanla — normal münasibətlərə malikdir: “Azərbaycan vətəndaşı bu ölkələrə gedə, istirahət edə, oxuya, biznes qura, işləyə, müalicə oluna bilər. Ermənistanla münasibətlərdə isə yaxın gələcəkdə bunların heç biri olmayacaq”.
Politoloq hesab edir ki, real perspektiv yalnız sülhün dar mənada başa düşülməsidir: “Mənim dərin inancıma görə, dar mənada sülh olacaq. Bu sülhün əsas konturları artıq mövcuddur: bütün məsələlərin yalnız siyasi-diplomatik yollarla müzakirəsi, hökumətlərarası müxtəlif əməkdaşlıq platformaları, dövlət və özəl səviyyədə birgə layihələr, sülh gündəmini bölüşən vətəndaş cəmiyyəti nümayəndələrinin ünsiyyəti”.
Onun sözlərinə görə, “dövlət institutları — vətəndaş cəmiyyəti — insanlar” triadasında uzun müddət həlledici rol məhz hökumətlərarası dialoqa məxsus olacaq: “Vətəndaş cəmiyyətləri və insanlar arasında təmasların şərtləri məhz hökumət xəttindən asılıdır”.
F. Məmmədov vurğulayıb ki, Azərbaycanda sülh prosesi məcburi şəkildə sürətləndirilməyəcək: “Hökumət vətəndaş cəmiyyətini və insanları süni şəkildə sülh gündəminə uyğunlaşdırmayacaq. Proses təbii şəkildə gedəcək. Əgər müəyyən addımlar üçün illər lazımdırsa, o illər gözləniləcək”.
Sonda politoloq qeyd edib ki, sülh gündəmində çoxlu mövzular və dərin qatlar var: “Bu məsələdə ‘hər şeyin öz zamanı var’ ifadəsi indi heç vaxt olmadığı qədər aktualdır”. /azpolitika.info
