ABŞ ilə İran arasında gərginlik yenidən kritik mərhələyə çatıb. Həm Vaşinqton, həm də Tehran eyni anda iki fərqli mesaj verir. Bir tərəfdən danışıqlara hazır olduqlarını deyirlər, digər tərəfdən isə hərbi güc nümayişini artırırlar.
Bu isə əsas sualı gündəmə gətirir: ABŞ hücum edəcək, yoxsa tərəflər razılaşmaya gedəcək?
Son aylarda bölgədə ABŞ-ın hərbi mövcudluğu artıb. ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Brad Cooper Maskatda keçirilən görüşlərdə ABŞ heyətinin tərkibində yer alıb. Bu fakt göstərir ki, Vaşinqton diplomatiya ilə yanaşı hərbi variantı da gündəmdə saxlayır. Digər tərəfdən Tehran İran İslam İnqilabının ildönümündə raket imkanlarını nümayiş etdirir, gəmiəleyhinə sistemlər barədə məlumatlar yayır və açıq mesaj verir ki, mümkün hücum bütün regionu müharibəyə sürükləyə bilər.
Razılaşma ehtimalını gücləndirən məqamlar
İran uranın zənginləşdirilməsi səviyyəsi ilə bağlı müəyyən güzəştlərə hazır olduğunu göstərir. 2015-ci il nüvə razılaşmasında nəzərdə tutulan 3,67 faiz həddinin altına enmək, hətta bu göstəricini 1 faizə qədər azaltmaq variantı müzakirə oluna bilər. Tehran həmçinin ABŞ Prezidenti Donald Trump administrasiyasının qalan müddəti ərzində zənginləşdirməni dondurmağı təklif edə bilər.
Bundan əlavə, bəzi regional və Avropa ölkələri ilə birlikdə uranın zənginləşdirilməsi üzrə ortaq konsorsium yaradılması ideyası gündəmdədir. Bu model həm İranın “sıfır zənginləşdirmə” tələbini qəbul etməməsinə, həm də Qərbin narahatlıqlarını azaltmağa hesablanıb. İran üçün əsas şərt isə prosesin öz ərazisində həyata keçirilməsidir.
Tehran qarşılığında sanksiyaların ləğvini tələb edir. ABŞ-ın əvvəlki nüvə sazişindən çıxması nəticəsində yaranmış iqtisadi zərərlər də danışıqlarda təzyiq vasitəsi kimi istifadə edilə bilər. Bundan başqa, ikili vətəndaşlığı olan bəzi amerikalıların azad olunması da mümkün jest kimi müzakirə olunur.
Müharibə ehtimalını artıran amillər
Bununla yanaşı əsas risk faktoru İsrail mövqeyidir. İsrailin Baş naziri Benjamin Netanyahu Vaşinqtonda Tramp ilə görüşdən sonra bildirib ki, istənilən razılaşma ballistik raket məsələsini də əhatə etməlidir. Tehran isə raket proqramını milli təhlükəsizliyinin əsas hissəsi sayır və bunu müzakirə mövzusu etmək istəmir.
Əgər ABŞ ilə İran arasında yalnız nüvə məsələsini əhatə edən məhdud razılaşma əldə olunsa belə, İsrail İranın raket imkanlarını genişləndirməsi halında zərbə endirmək hüququnu özündə saxladığını açıq şəkildə göstərir. Bu isə hər an lokal toqquşmanın geniş müharibəyə çevrilməsi riskini artırır.
Digər tərəfdən İran bölgədəki müttəfiq silahlı qruplar vasitəsilə cavab imkanına malikdir. Körfəz təhlükəsizliyi və enerji marşrutları üzərindən təzyiq potensialı da nəzərə alınmalıdır. Belə bir ssenari təkcə İranla ABŞ arasında deyil, daha geniş regional münaqişəyə yol aça bilər.
Hansı ssenari daha realdır?
Hazırkı mərhələdə tammiqyaslı ABŞ hücumu riskli görünür. Çünki bu, regionda geniş müharibə və qlobal enerji bazarında ciddi sarsıntı deməkdir. Eyni zamanda tərəflər arasında əsas fikir ayrılıqları – xüsusilə raket proqramı və regional təsir məsələsi – qalmaqdadır.
Buna görə ən real ssenari məhdud və müvəqqəti razılaşmadır. Bu, uzunmüddətli və hərtərəfli saziş deyil, daha çox gərginliyi azaltmağa yönəlmiş siyasi razılaşma ola bilər. Lakin İsrail amili və qarşılıqlı etimadsızlıq istənilən anda vəziyyəti yenidən hərbi fazaya keçirə bilər.
Nəticə etibarilə Vaşinqton və Tehran hazırda həm diplomatiya, həm də müharibə xəttində paralel hərəkət edir. Hansı xəttin üstün gələcəyi yaxın aylarda atılacaq addımlardan asılı olacaq./yenicag.az
