İran İslam Respublikasının ali dini lideri Əli Xamaneinin İsrail–ABŞ hücumu nəticəsində öldürülməsi sadəcə bir liderin itirilməsi deyil.
Bu hadisə 1979-cu il İslam İnqilabından sonra qurulan teokratik sistemin ən həssas sinir nöqtəsinə zərbə vurdu. İran ilk dəfə olaraq həm daxili legitimlik, həm də regional güc balansı baxımından eyni anda sınağa çəkilir.
Keçid mexanizmi işləyir, amma sistem sarsılıb
Konstitusiyanın 111-ci maddəsi formal olaraq problemsiz işə salınıb: Prezident M\sud Pezeşkian, Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn və ayətullah Əli ıza Ərafidən ibarət keçici liderlik şurası yaradılıb.
Lakin bu mexanizm texniki sabitlik yaratsa da, siyasi boşluğu doldurmur. Çünki problem “kim idarə edəcək?” sualından çox, “necə idarə ediləcək?” sualıdır.
Varislik məsələsi: monarxiya qorxusu və inqilab paradoksu
Ən çox müzakirə olunan fiqur Müctəba Xamaneidir. Onun İnqilab Keşikçiləri (SEPAH) və təhlükəsizlik aparatındakı təsiri realdır. Lakin burada İran sisteminin fundamental paradoksu üzə çıxır: İslam İnqilabı şah rejiminin irsi hakimiyyətinə qarşı baş vermişdi, indi isə dini lider postunun atadan oğula keçməsi riski yaranıb.
Bu ssenari həyata keçərsə, sistem daxilində elit razılaşması mümkün ola bilər, amma xalq arasında “dini monarxiya” ittihamları güclənər və uzunmüddətli legitimlik ciddi zərbə alar.
Xomeyni kartı: simvolik legitimlik, zəif institusional dəstək
Digər əsas fiqur Həsən Xomeynidir. Onun üstünlüyü siyasi yox, simvolik legitimlikdir. Xomeyni soyadı hələ də cəmiyyətin böyük hissəsində müqəddəsdir. Amma mühafizəkar ruhani elita ona etibar etmir, daha əvvəl Mütəxəssislər Məclisindən kənarlaşdırılması sistemin ona qapalı olduğunu göstərir. Bu səbəbdən Həsən Xomeyni xalq üçün sakitləşdirici, amma rejim üçün riskli fiqur sayılır.
Laricani faktoru: kölgə liderlik modeli
Əli Laricaninin açıqlamaları göstərir ki, sistem tək bir liderə yox, kollektiv nəzarətə yönələ bilər. Bu, iki variant yaradır: ya Laricani özü ön plana çıxmadan prosesi yönləndirəcək, ya da “liderlik şurası” modelinə keçid üçün zəmin hazırlanır. Bu model İranda ilk dəfə real alternativ kimi müzakirə olunur.
Digər adlar və real güc mərkəzi
Adları çəkilən Sadiq Laricani, Nuri Həmədani, Həsən Ruhani kimi fiqurlar daha çox keçid balansı rolunu oynaya bilər. Əsas qərarverici isə açıq şəkildə SEPAH-dır. Kim SEPAH-ın təhlükəsizlik və iqtisadi maraqlarını təmin edərsə, seçilmək şansı yüksələcək.
Xarici faktor: Vaşinqtonun mesajı
ABŞ Prezidenti Donald Trampın “bizim də fikrimiz var” açıqlaması göstərir ki, İranın yeni lideri təkcə daxili yox, qlobal güc balansının da məhsulu olacaq. Bu isə Tehranda yeni lider seçiminin Qərbə müqavimət qabiliyyətinin testi olacağı yönündə fikir formalaşdırır.
İran yol ayrıcındadır
İran qarşısında üç əsas ssenari var:
1. Sistem davamlılığı – Müctəba Xamanei və ya ona yaxın fiqur
2. Simvolik yumşalma – Həsən Xomeyni tipli ad
3. Kollektiv liderlik – real güc SEPAH-da qalmaqla formal dini rəhbərlik
Hansı yol seçilirsə-seçilsin,fakt dəyişmir: Xamaneidən sonrakı İran əvvəlki İran olmayacaq./yenicag.az
