Kredit müqaviləsi imzalandıqdan sonra onun şərtləri adətən sabit qalır, lakin bəzi xüsusi hallarda yenidən baxıla bilər. Borcalanın gəlirində ciddi azalma və ya iş yerini itirməsi kimi vəziyyətlər bankın fərdi yanaşmasına səbəb ola bilər.
Belə hallarda bank ödəniş müddətinin uzadılması, faizlərin yenidən hesablanması və ya müvəqqəti möhlət kimi güzəştlər tətbiq edə bilər. Bəs banklar borcalanın maliyyə çətinliyi yarandıqda kredit şərtlərini hansı hallarda yumşalda bilər?
Mövzu ilə bağlı açıqlama verən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bu, bütövlükdə bankın öz mülahizəsindən asılı olan məsələdir.

Onun sözlərinə görə, bank, bank olmayan kredit təşkilatı və ümumilikdə istənilən borc verən tərəf, təbii ki, çox vaxt xeyirxahlıq məqsədindən çıxış etmir; o, vəziyyəti qiymətləndirir və bunun ona sərf edib-etmədiyini müəyyənləşdirir: “Borcalanın maliyyə vəziyyətinə baxılır: əgər şəxsin gəliri azalıbsa, əmək haqqı dəyişməz qalıbsa, amma xərcləri artıbsa, o, kreditin müddətinin uzadılmasını və aylıq ödənişlərin azaldılmasını xahiş edir. Bu halda bank iki istiqamətdə düşünür: ya güzəştə getsə uzun müddətdə daha çox faiz qazana bilər, ya da güzəşt etməsə, məsələ məhkəməyə gedə bilər və bu da əlavə vaxt itkisi yaradar. Bu, problemdir. Bir də belə bir vəziyyət var: bank düşünür ki, müddəti uzadım, aylıq ödənişi azaldım, amma ümumi nəticədə yenə də qazanıram, çünki borcalan daha uzun müddət ərzində daha çox faiz ödəyəcək. Bu halda bank güzəştə gedə bilər”.
Ekspert qeyd edib ki, əgər bank görsə ki, həmin şəxsin vəziyyəti onsuz da çox pisdir və güzəşt edilsə belə ödənişləri qarşılamaq imkanında deyil: “Onda bank düşünür ki, güzəşt etmək mənasızdır, ya vaxt itirəcək, ya da məsələni məhkəməyə verməyi daha məqsədəuyğun hesab edəcək. Ümumiyyətlə, bank qərar verərkən əsas meyar onun üçün sərfəlilikdir: hansı variant daha sərfəlidirsə, ona üstünlük verir”./azpolitika.info
