Ermənistanda radikal müxalif düşərgəni təmsil edən Şahen Arutyunyan Qars müqaviləsinin yenidən nəzərdən keçirilməsi ilə bağlı bəyanatla çıxış edib. Onun fikirləri ilk baxışdan emosional və populist ritorika təsiri bağışlasa da, əslində bu çıxış daha geniş siyasi kontekstin və daxili ideoloji qarşıdurmaların məhsuludur. Belə bəyanatları yalnız radikal çıxış kimi qiymətləndirmək də yetərli deyil. Bu çıxışların arxasında həm daxili siyasi dinamika, həm də regional geosiyasi proseslərə təsir göstərmək cəhdi dayanır.
Arutyunyanın ritorikası klassik siyasi səfərbərlik alətlərinə əsaslanır. “Azadlıq, yoxsa təslimçilik?”, “müstəqillik, yoxsa yalançı sülh?” kimi kəskin qarşılaşdırmalar rasional siyasi diskursdan çox, emosional reaksiyalara hesablanıb. Bu tip yanaşma xüsusilə seçkiqabağı dövrlərdə radikal elektoratı aktivləşdirmək üçün istifadə olunur. Burada əsas məqsəd real həll yolları təqdim etmək deyil, mövcud hakimiyyətin siyasətini delegitimləşdirmək və narazı kütlələri vahid ideoloji çərçivədə birləşdirməkdir.
Qars müqaviləsinin birtərəfli qaydada “yenidən nəzərdən keçirilməsi” çağırışları beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edir. Belə təşəbbüslər hüquqi mexanizmlərdən daha çox siyasi təzyiq aləti kimi qiymətləndirilə bilər.
Arutyunyanın çıxışı açıq şəkildə revanşist ideoloji çərçivəyə uyğundur. Keçmiş sərhədlərin və siyasi şərtlərin yenidən müzakirəsi çağırışı faktiki olaraq regionda formalaşmış yeni reallıqlardan imtina anlamına gəlir. Halbuki son illərdə baş verən proseslər, xüsusilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi regionda yeni status-kvo yaradıb və bu reallıq beynəlxalq səviyyədə qəbul olunur.
Revanşist yanaşmalar isə adətən iki təhlükəli nəticəyə gətirib çıxarır. Birincisi, cəmiyyət daxilində qeyri-real gözləntilər formalaşdırır; ikincisi, sülh prosesinə maneə yaradır. Bu isə yalnız regional sabitliyi deyil, həm də Ermənistanın öz gələcək inkişaf perspektivlərini risk altına qoyur.
Azərbaycanın mövqeyi bu məsələdə həm hüquqi, həm də siyasi baxımdan kifayət qədər aydındır və əsaslıdır. Rəsmi Bakı beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə əsaslanır.
Qars müqaviləsi də məhz bu prinsipləri təsbit edən sənədlərdən biri kimi çıxış edir. Azərbaycan üçün bu müqavilənin əhəmiyyəti yalnız tarixi deyil, həm də stratejidir. Xüsusilə Naxçıvanın statusu ilə bağlı müddəalar regionda təhlükəsizlik və sabitliyin qorunmasında mühüm rol oynayır. Bu baxımdan, müqavilənin sual altına alınması yalnız hüquqi deyil, həm də təhlükəsizlik baxımından riskli presedent yarada bilər.
Eyni zamanda, Azərbaycan post-münaqişə dövründə sülh gündəliyini irəli sürən tərəf kimi çıxış edir. Bu kontekstdə revanşist çağırışlar konstruktiv dialoqa ziddir və regionda uzunmüddətli sabitliyin təmin olunmasına mane olur.
Qeyd edək ki, radikal müxalifət düşərgəsini təmsil edən “Şant” blokunun sədri Şahen Arutyunyan Qars müqaviləsinin şərtlərini yenidən nəzərdən keçirməyə çağırış edib. Arutyunyana görə, “artıq əvvəlki kimi yaşamağa və səhvləri təkrarlamağa davam etmək mümkün deyil”.
Onun sözlərinə görə, qarşıdakı seçkilər ermənilərin öz vətənlərində yaşaya biləcəklərini və gələcək məqsədlərini müəyyən edəcək:
“Müstəqillik danışıqlar yolu ilə həll edilə bilməz. Bu, dövlətin təməlidir. Ermənistanın maraqlarına zərər verən Qars müqaviləsinin şərtlərini yenidən nəzərdən keçirmək məsələsini qaldırmaq zamanıdır”.
O, bu məsələləri görməzdən gəlməyin gələcək risklər yaratdığını iddia edib.
“Biz seçimlə üz-üzəyik: daha vacib olan müstəqillik, yoxsa yalançı sülh? Azadlıq, yoxsa təslimçilik? Şərəf, yoxsa təkəbbür? Ayağa qalxıb mübarizə aparmağın vaxtıdır”, deyə Arutyunyan qeyd edib.
Xatırladaq ki, 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə Azərbaycan, Türkiyə və Gürcüstanla yanaşı, Ermənistan da imza atıb. Rusiyanın iştirakı ilə təsdiqlənən sənəddə Naxçıvanın ayrılmaz hissəsi olması ilə bağlı zəmanətin xüsusi bənd mövcuddur. Qars müqaviləsinin hüquqi qüvvəsinin bitmə müddəti yoxdur, göstərilməyib. Bu sənəd yalnız tərəflərin razılığı ilə ləğv oluna bilər./qaynarinfo.az
