Cumhuriyet Halk Partisi Genel Başkanı Özgür Özel, Ankara Büyükşehir Belediye Başkanı Mansur Yavaş’ın ev sahipliğinde, önceki Genel Başkan Kemal Kılıçdaroğlu ile akşam yemeğinde bir araya geldi. Yemeğe, Ankara İl Başkanı Ümit Erkol da eşlik etti.
Ankara Regional Apellyasiya Məhkəməsi Cumhuriyyət Xalq Partiyasının (CHP) başqanı Özgür Özəlin seçildiyi 2023-cü il qurultayı ilə bağlı tam etibarsız sayılması qərarı çıxarıb. Qərara əsasən CHP-nin əvvəlki başqanı Kamal Kılıçdaroğlu yenidən partiya rəhbərliyinə qaytarılıb.
İlk baxışda bu proses sırf hüquqi prosedur və ya partiyadaxili təşkilati məsələ kimi görünə bilər. Lakin hadisənin siyasi dərinliyi bundan qat-qat böyükdür. Çünki burada söhbət yalnız bir qurultayın legitimliyindən getmir, eyni zamanda Türkiyədə müxalifətin idarəetmə modeli, liderlik problemi və siyasi institutların dayanıqlığı müzakirə predmetinə çevrilir.
Türkiyədə siyasi partiyaların fəaliyyəti hüquqi baxımdan “Siyasi partiyalar haqqında qanun” ilə tənzimlənir və qurultayların qanuniliyinə dair iddiaların məhkəmə instansiyalarında araşdırılması hüquqi prosedur hesab olunur. Ancaq Türkiyə kimi yüksək siyasi gərginliyin və kəskin qütbləşmənin mövcud olduğu sistemlərdə hüquqi proseslər çox zaman yalnız hüquqi çərçivədə qalmır. Belə məsələlər siyasi legitimlik, hakimiyyət-müxalifət münasibətləri və ictimai psixologiya ilə iç-içə keçir. Məhz buna görə CHP qurultayı ətrafında yaranmış mübahisə adi partiyadaxili debat deyil. Bu proses Türkiyə müxalifətinin uzun illərdir həll edə bilmədiyi struktur problemləri yenidən görünən edir. CHP Türkiyənin ən qədim və ən böyük müxalif siyasi qüvvəsi olsa da, partiya uzun müddətdir daxili liderlik balansları, təşkilati qruplaşmalar və strateji xətt müzakirələri ilə müşayiət olunan mürəkkəb siyasi dinamika içində fəaliyyət göstərir.

Qurultay və liderlik ətrafında yaranan debatlar CHP üçün yeni hadisə deyil. Əksinə, bu, partiyanın siyasi tarixinin davamlı elementlərindən biridir. Burada diqqət çəkən əsas məqam Türkiyə siyasətindəki liderlik modelidir. Prezident Rəcəb Tayyib Ərdoğan uzun illərdir Türkiyə siyasətində xarizmatik və mərkəzləşdirilmiş liderlik modelinin əsas simvoluna çevrilib. Onun siyasi gücü yalnız dövlət institutlarından və ya partiya mexanizmlərindən qaynaqlanmır. Əsas faktor seçici ilə qurduğu birbaşa emosional və siyasi bağdır. Türkiyə kimi siyasi emosiyaların yüksək olduğu cəmiyyətlərdə lider obrazı çox zaman partiya institutlarından daha güclü təsir yaradır. Bu isə müxalifət üçün fərqli çətinlik formalaşdırır. CHP-də qərarvermə mexanizmi daha çox institusional balanslar, daxili kompromislər və kollektiv idarəetmə modeli üzərində qurulub. Demokratik baxımdan bu yanaşma daha institusional görünə bilər. Lakin siyasi rəqabətin böyük ölçüdə lider mərkəzli sistemlərdə bu model bəzən zəiflik təsiri bağışlayır.
CHP-nin uzun illərdir yaşadığı əsas dilemma da məhz budur – institusional siyasətlə xarizmatik liderlik arasında balans qura bilməmək. Hazırkı hüquqi mübahisənin siyasi təsiri də əsasən bu nöqtədə ortaya çıxır. Məsələ yalnız məhkəmənin hansı qərarı verəcəyində deyil. Daha vacib məsələ prosesin yaratdığı qeyri-müəyyənlik atmosferidir. Çünki siyasi təşkilatlar üçün ən təhlükəli vəziyyət bəzən məğlubiyyət deyil, legitimlik suallarının uzun müddət açıq qalmasıdır. Belə şəraitdə partiyanın ictimai diqqəti siyasi proqramlardan və alternativ idarəetmə mesajlarından uzaqlaşaraq daxili müdafiə mexanizmlərinə yönəlir.

Nəticədə siyasi enerji təşkilati böhranın idarə edilməsinə sərf olunur. Bu isə xüsusilə müxalifət düşərgəsində koordinasiya ehtiyacının artdığı dövrdə ümumi siyasi dinamikanı zəiflədə bilər. Digər mühüm məqam seçici psixologiyası ilə bağlıdır. Belə böhranlar adətən cəmiyyətdə iki fərqli reaksiya yaradır. Bir qrup seçici bunu idarəetmə zəifliyi və siyasi qeyri-sabitlik əlaməti kimi qəbul edir. Digər qrup isə prosesi partiyadaxili demokratik nəzarət mexanizminin işləməsi kimi qiymətləndirir. Hansı yanaşmanın üstünlük qazanacağı isə hüquqi prosesdən daha çox CHP rəhbərliyinin böhranı necə idarə etməsindən asılı olacaq.
Əslində CHP ətrafında yaranmış vəziyyət Türkiyə siyasətinin daha fundamental problemini – institusional siyasətlə lider mərkəzli siyasət arasındakı ziddiyyəti ortraya çıxarır. Türkiyə siyasi sistemi uzun illərdir güclü lider fiqurları üzərində formalaşdığı halda, CHP daha çox kollektiv və institusional idarəetmə modeli ilə siyasi rəqabət aparmağa çalışır. Bu isə partiya daxilində legitimlik və liderlik mübahisələrini daha həssas edir.

Nəticə etibarilə, CHP qurultayı ətrafında yaranmış hüquqi mübahisə təkcə bir partiyanın daxili problemi deyil. Bu proses Türkiyə siyasətində legitimlik, liderlik və müxalifətin struktur dayanıqlığı barədə daha dərin sualları yenidən gündəmə gətirir. Türkiyə siyasətində xarizmatik liderlik modeli dominant olaraq qaldığı müddətdə, CHP kimi daha institusional siyasi xəttə söykənən partiyaların daxili böhranları yalnız təşkilati məsələ kimi deyil, bütövlükdə müxalifətin gələcəyi baxımından strateji problem kimi qiymətləndiriləcək…
