Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi məlumatına görə, bundan sonra ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”nin sərt tələblərinə cavab verməlidir.
Bu, ölkəyə heyvan idxalında sahibkarlar üçün əlavə problemlər, xərclər və süni maneələr deməkdir və bunu anlamaq üçün xüsusi iqtisadi biliklərə ehtiyac yoxdur.
Mövzuyla bağlı öz sosial şəbəkə səhifəsində paylaşım edən Natiq Cəfərli AQTA-ya müraciət edib və bu qərarın sahibkarların ziyanına olduğunu vurğulayıb. Qurumun həmin məsələyə dair rəsmi cavabı isə AQTA-nın iş prinsiplərinin, prioritetlərinin, ölkədəki sahibkarlıq mühitinə, ümumilikdə cəmiyyətə münasibətinin qeyri-adekvat, reallıqdan və məntiqdən uzaq olduğunu bir daha göstərib.
Belə ki, AQTA-nın cavabında deyilir: “Qəbul edilmiş qərarın məqsədi sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaratmaq deyil, ölkənin epizootik təhlükəsizliyinin gücləndirilməsi, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsi riskinin azaldılması və heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqinin təmin edilməsidir”.

Cavabdan belə aydın olur ki, AQTA-nın başlıca vəzifəsi “heyvanların rifahını qorumaq”dır! Bu zaman insanların, sahibkarların rifahı, işi, dolanışığı qurumun vecinə də deyil!
Vecinə də deyil ki, hər bu cür qadağa, məhdudiyyət, əlavə xərclər yaradan qərarlar sonda sadə vətəndaşın cibinə, rifahına, dolanışığına ziyan vurur. Çünki bu cür qərarlar bu və ya digər məhsulun ölkəyə gətirilmə xərclərini artırır, xərclər artanda malın maya dəyəri də artır və bu da sonda qiymətə təsir edir. İndiki halda bu qərar ətin onsuz da baha olan qiymətini bir qədər də bahalaşdıra bilər. Üstəlik də bu, həmin işlə məşğul olan sahibkarları yersiz, mənasız xəclərlə və əngəllərlə üz-üzə qoymaq deməkdir. AQTA bundan nə qazanacaq? Bunu yalnız özləri bilir. Lakin bizim bildiyimiz budur ki, belə qərarlar ya heyvan idxalında inhisarçılıq yaratmağa, ya da açıq iqtisadi sabotaja xidmət edir!
Natiq Cəfərli də AQTA-nın cavabının absurdluğunu özünün sonrakı paylaşımında qeyd edib: “Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı:
1) Qərar məhz sahibkarlığa əlavə məhdudiyyətlər yaradır! YaRaDır, qatığa niyə qara deyirsiniz ki?!
2) Heyvan xəstəliklərinə nəzarət onun hansı maşında daşınmasından asılı deyil, xəstə heyvanı “Maserati”də daşıyanda sağalmır. Xəstə heyvanlar manual və vizual olaraq sərhəddə müəyyən edilir, xüsusi maşına xəstə heyvan minəndə o maşın siqnal çalıb, fəryad etmir! Xəstəlik heyvandan-heyvana keçir, hansı maşında daşınmasından asılı olmayaraq belədir, yəni, xüsusi maşında daşınan xəstə heyvan, “ayıbdır, gül kimi maşındır, öz xəstəliyimi başqasına keçirməyim”, kimi dərin, fəsləfi düşüncələrə qərq olmur!
3) Açıqlamada bu “rifah” məsələsini çox bəyəndim! AQTA, yəqin ki, bu sözün mənasını bilmir, yoxsa belə absurd ifadə işlətməzdi. Bəlkə AQTA elə bilir ki, heyvancığazı maşına mindirib Unversitetə imtahan verməyə aparırlar?! Ay brat, aparıb kəsirlər e onları, nə rifah, nə beynəlxalq standartlar?!
Bəlkə insanımızın rifahı haqqında düşünəsiniz?! “./azpolitika.info
