Azərbaycanın son illərdə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ayrı-ayrı konfrans və görüşlərin xronikası ilə izah edilə biləcək proses deyil. Bakı getdikcə daha çox müxtəlif siyasi mövqelərin, regional maraqların və qlobal çağırışların bir masa arxasında müzakirə olunduğu məkana çevrilib. Bu baxımdan Bakının siyasi, iqtisadi, təhlükəsizlik, humanitar, mədəni və iqlim mövzularını eyni diplomatik müstəvidə birləşdirə bilməsi onun beynəlxalq platforma kimi rolunu tədricən genişləndirib.
Bu mənzərənin formalaşması bir gündə baş verməyib. Belə ki, Azərbaycan uzun illər ərzində müxtəlif miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməklə özünü dialoq üçün açıq məkan kimi təqdim edib. Müxtəlif dövrlərdə enerji və nəqliyyat məsələlərindən tutmuş mədəniyyətlərarası və dinlərarası dialoqa, çoxtərəfli diplomatiyadan media və informasiya gündəminə qədər fərqli mövzuların müzakirə olunduğu mərkəzlərdən biri olub. 2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi isə bu xəttin daha geniş siyasi müstəviyə çıxmasına imkan verib. Azərbaycan həmin dövrdə özünü yalnız regional deyil, inkişaf etməkdə olan ölkələrin və Qlobal Cənub gündəliyinin müzakirə edildiyi çoxtərəfli platformalardan birinin fəal iştirakçısı idi. Sonrakı mərhələdə beynəlxalq tədbirlər xəritəsinə iqlim gündəliyinin əlavə olunması bu prosesə yeni məzmun verdi.
2024-cü ildə Azərbaycanın COP29-a ev sahibliyi etməsi miqyasına və iştirakçı coğrafiyasına görə ölkənin indiyədək keçirdiyi ən böyük beynəlxalq tədbirlərdən biri oldu. 96 ölkənin təmsil olunduğu COP29 çərçivəsində iqlim maliyyələşməsi, karbon bazarları, uyğunlaşma və inkişaf etməkdə olan ölkələrin ehtiyacları kimi məsələlər qlobal danışıqların əsas mövzularından oldu. Konfransın nəticələrindən biri 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün illik 300 milyard dollar əsas maliyyə hədəfi və daha geniş maliyyə axınlarının illik 1,3 trilyon dollara çatdırılması istiqamətində razılaşma oldu. COP29-un Azərbaycan üçün əhəmiyyəti təkcə tədbirin miqyası ilə məhdudlaşmır. Ölkə qlobal aktorların fikir ayrılıqlarının mövcud olduğu bir məsələdə onları danışıqlar masasında saxlamaq və ortaq məxrəcə gətirmək funksiyasını üzərinə götürdü. İqlim diplomatiyası kimi son dərəcə mürəkkəb və maliyyə, inkişaf, enerji və geosiyasətlə birbaşa bağlı olan gündəmdə Bakı danışıqlar üçün platformaya çevrildi.
Bakı yalnız müəyyən bir regionun problemlərinin müzakirə olunduğu paytaxt kimi deyil, müxtəlif coğrafiyaları və gündəmləri bir araya gətirən platformadır. Bunun ən aydın nümunələrindən biri son illərdə Şuşada keçirilən Qlobal Media Forumlarıdır. 2026-cı ilin iyulunda keçirilən IV Şuşa Qlobal Media Forumu 53 ölkədən 160 iştirakçını, o cümlədən beynəlxalq media və təşkilatları nümayəndələrini bir araya gətirib.
Şuşanın seçilməsi də təsadüfi deyil. Bakı ilə yanaşı, Şuşa da Azərbaycanın beynəlxalq dialoq coğrafiyasının bir hissəsinə çevrilir. Əgər Bakı daha çox siyasi, iqtisadi və qlobal institusional gündəmlərin toplandığı məkan kimi çıxış edirsə, Şuşa sülh, media, mədəniyyət və postmünaqişə reallıqları ilə bağlı müzakirələrin simvolik məkanına çevrilir. Beləliklə, Azərbaycanın beynəlxalq tədbir siyasətində coğrafiyanın özü də mesaj daşıyır. Ölkə müxtəlif mövzuları yalnız paytaxtında deyil, özünün fərqli şəhər və məkanlarında beynəlxalq auditoriyaya təqdim edir. Bu ardıcıllıq sadəcə təqvim sıxlığı kimi qiymətləndirilməməlidir. Əksinə, burada Türk dünyasının əməkdaşlığının müxtəlif səviyyələrinin eyni məkanda cəmləşməsi diqqət çəkir.
Cari ilin 13–18 sentyabr tarixləri arasında Türk Dövlətləri Təşkilatı tərəfindən təşkil olunan bır sıra beynəlxalq konfranslarda sadəcə təqvim sıxlığı kimi qiymətləndirilməməlidir. Bakı eyni təşkilat daxilində siyasi, təhlükəsizlik, ekspert və humanitar dialoqun müxtəlif kanallarını birləşdirən məkana çevrilib.
Qısacası, burada söhbət yalnız “dünyanı Bakıya gətirməkdən” getmir. Daha mühüm məsələ müxtəlif gündəmləri bir-birinə bağlamaqdır. Təhlükəsizliklə humanitar məsələlər, iqlimlə inkişaf, enerji ilə yaşıl keçid, media ilə sülh və etimad, Türk dünyasının inteqrasiyası ilə ekspert diplomatiyası artıq bir-birindən ayrı mövzular deyil. Müasir beynəlxalq münasibətlərdə bu istiqamətlər bir-birinə getdikcə daha çox bağlanır və Azərbaycan da öz tədbirçilik xəttində məhz bu kəsişmələrdən istifadə edir. Azərbaycanın beynəlxalq tədbirlər xronikası əslində ölkənin son illərdə formalaşdırdığı daha geniş diplomatik xəttin xronikasıdır. Bu xəttin mərkəzində bir anlayış dayanır: müxtəlif coğrafiyaları, maraqları, baxışları və gündəmləri eyni müzakirə məkanında birləşdirmək.
