ABŞ Prezidenti Donald Tramp və Çin başçısı Si Cinpin Cənubi Koreyanın Busan şəhərində Trampın ikinci prezidentlik müddətində ilk ikitərəfli görüş keçiriblər.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, Si Cinpin və Tramp arasında danışıqlar 1 saat 40 dəqiqə davam edib.
Görüşdən əvvəl Tramp kameralar qarşısına çıxaraq, “çox uğurlu görüş” gözlədiyini bildirib. Si Cinpin isə öz növbəsində Trampın doqquz aylıq vəzifə dövrü ərzində üç dəfə telefonla danışdıqlarını və məktub mübadiləsi apardıqlarını qeyd edib. Tramp və Si görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə ediblər və ona son qoymaq üçün birlikdə işləmək barədə razılığa gəliblər. Tramp bu açıqlamanı Cənubi Koreyadan ayrıldıqdan sonra təyyarədə verib.
“Biz bunu ətraflı müzakirə etdik və nəticə əldə etmək üçün birlikdə işləmək barədə razılığa gəldik. Biz razıyıq ki, iki tərəf, qarşıdurma və döyüş içində donub qalıblar və bəzən, bəlkə də, onların döyüşməsinə icazə vermək lazımdır. Bu, dəlilikdir. Amma Si bizə kömək edəcək və biz Ukrayna məsələsində birlikdə işləyəcəyik”, – deyə Tramp bildirib. ABŞ Prezidenti Çin lideri ilə görüşünü yüksək qiymətləndirərək, tezliklə imzalana biləcək ticarət razılaşmasına nail olduqlarını bildirib: “Bu, gözəl görüş idi. O, əla liderdir”.
Tramp Çinin fentanil komponentlərinin ABŞ-yə ixracının dayandırılması müqabilində bütün Çin mallarına tətbiq edilən tarifləri dərhal azaldacağını söyləyib. Prezident həmçinin Çinin Amerikadan soya idxalını bərpa edəcəyini və nadir torpaq metallarının ixracına maneələr yaratmağı dayandıracağını söyləyib: “Nadir torpaq metalları məsələsi həll edildi və bu, bütün dünya üçündür… Bu, təkcə Amerika məsələsi deyil, qlobal bir məsələdir. Çindən gələn maneə aradan qalxdı. Razılığa gəlmişik. Artıq hər il razılaşmaya yenidən baxacağıq, amma düşünürəm ki, bu, uzun müddət qüvvədə qalacaq. Bu, bir illik razılaşmadır və gələn il onu yeniləyəcəyik”.
Tramp həmçinin qeyd edib ki, o və Si soya ticarəti və fentanil ilə bağlı tariflər də daxil olmaqla, “demək olar ki, hər şey” barədə razılığa gəliblər.
ABŞ Çin mallarına tarifləri 20%-dən 10%-ə endirəcək. Bunu da Tramp bəyan edib. ABŞ Prezidenti qeyd edib ki, Çinin Rusiyadan neft alması mövzusuna az diqqət yetirilib. Baxmayaraq ki, o, bu sahədə Moskvaya Pekin vasitəsilə təzyiq göstərmək niyyətində olduğunu demişdi.
Belə görünür ki, Tramp-Si görüşündə Ukraynadan daha çox ABŞ-Çin münasibətləri və ticarət məslələri müzakirə olunub. Ancaq istənilən halda, bu iki supergüc arasında münasibətlərin normallaşmasının Ukrayna münaqişəsinin həllinə müsbət təsir göstərəcəyi də danılmazdır. /azpolitika.info
