Tanınmış şair və publisist Mübariz Məsimoğlu son vaxtlar Azərbaycan Yazıçılar Birliyində baş verən bəzi qalmaqallarla bağlı özünün Facebook hesabında açıqlama verib.
Həmin yazını təqdim edirik:
“Anar Niftəliyev, sən yenə də gül ağzını açıb Sayman Aruzun İran xəfiyyə orqanlarına xidmət etməsi yalanını artıq yüzüncü dəfə oxucularının gözünə üfürürsən. Saymanı müdafiə edənləri isə trol və AYB-dən qovulanlar kimi qələmə verirsən. AYB-dən qovulanlar dedikdə isə yüz faiz məni nəzərdə tutursan.
Yəni mənə trol dediyin halda, özünü trol kimi aparırsan. Fikrini açıq və konkret yazmamısan, ümumi qopologiya dəryasına baş vurmusan?
Əvvəla, bir məsələyə aydınlıq gətirim. Mən AYB-dən niyə çıxarılmışam?
Çünki bir zamanlar AYB-yə alternativ kimi “Bakı Yazıçılar Birliyi” adlı bir qurum yaratmaq istəyən təşəbbüskarların ön sırasında olmuşam. Lakin o təşkilatı qeydiyyatdan keçirə bilməmişik. Sonradan o təşəbbüskarların mən xaric 99 faizi Anarın bığını altından keçib.
Digər tərəfdən, 2007-ci ildən həmin qurumun fəaliyyətini işıqlandıran “Yeni Nəfəs” qəzetinin redaktoru olmuşam. Təbii ki, türk mərkəzçiliyinə xidmət etdiyim üçün rusiyapərəst yazıçılarımızın əməlini sübutlarla üzə çıxarmışam.
Yazılarımda həmişə vurğulamışam ki, keçən əsrin 20-ci ilinin 28 Aprelindən sonra “ələmdən nəşəyə” keçən yazıçıları başa düşə bilməmişəm. O boyda Cümhuriyyət yıxılıb, 5 il ərzində 40 mindən çox soydaşımız öldürülüb, imperiyanın işğal boyunduruğuna girən yazıçılar bir gecədə necə ələmdən nəşəyə keçə bilərdi?
Bir çoxlarını, o cümlədən Rəsul Rzanı və Nigar Rəfibəylini bu kontekstdə tənqid etmişəm. “Azərbaycan mənim dərdli anamdır” deyənləri isə, ən azından “Harda bir nahaq qan tökülürsə, orda Moskvanın barmağı var” deyənləri və ya “Tutaq ki, əsrimizin Həzrəti – İsası mənəm, bu soxa-soxda necə möcüzə icad eləyim” deyənləri təqdir etmişəm.
Buna görə də Anar Rzayevin təşəbbüsü ilə AYB-dən qovulmuşam.
Saymanı müdafiə etməyim isə onun ən azından bütöv Azərbaycan ideyasına xidmət etməsi ilə bağlıdır. Bu, mənim türk mərkəzçiliyinin min illərdən üzübəri ötürdüyü vəzifəmizdir. Onun sözündə və əməlində bunu öz gözlərimlə görmüşəm. İlin-günün bu vaxtında onun AYB-nin Cənubi Azərbaycan bölməsindən çıxarılmasını istehza ilə qarşılamışam. AYB dövlətdən aylıq pul alan ədəbiləşmədən yüz qat artıq siyasiləşmiş bir təşkilatdır. Bu təşkilatın atdığı hər addım məni narahat etməyə bilməz, çünki mən siyasətin nəyə xidmət etdiyini bilirəm.
Ölkədə bunca İrana xidmət edən adamlar, təşkilatlar və qurumlar varkən, Anar Niftəliyev, sən nədən bütöv Azərbaycan ideyasını gözünün üstündə tutan Sayman Aruzun yaxasından yapışmısan?
Nədən işi-gücü başından aşan partiya, DAK və bir çox digər nəsnələrin rəhbəri Sabir bəy Rüstəmxanlı, Təbrizdən Bakını təhdid edən hər şeyşünas Həmid ağa Herisçi, adını unutduğum bir xanım, Saymanın təkbaşına apardığı bir bölməyə üçü bir yerdə qəfildən təyin edildilər?
Nədən qurultayın seçdiyi adamı idarə heyəti katiblik vəzifəsindən uzaqlaşdırdı?
Nədən tez-tələsik, cənublu 183 yazarın imzasıyla şimala Sayman əleyhinə bir müraciət ünvanladılar? Nədən Saymanın əleyhinə təbliğat aparan, ağzından süd iyi gələn Çağla kitabının qoca Anarın iştirakı ilə AYB-də tez-tələsik təqdimatını keçirdilər?
Bu və digər suallar durur ikən, Anar Niftəliyev, sən niyə mənasız bir yalanla nəlbəkidə tufan qopardırsan təkrarən?
Qeyd etdiyim suallar niyə səni narahat etmir? Sən kimə və nəyə xidmət edirsən? Sənin saytını kim və niyə maliyyələşdirir? Məncə, bu qədər bəsdir”.


