ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından ticarət gəmilərinin keçməsini təmin etmək üçün nəzərdə tutulmuş “Azadlıq Layihəsi” əməliyyatını dayandırıb.
Tramp bunu sosial media platforması “Truth Social”-da elan edib. O, bu qərarını Pakistan və digər ölkələrin xahişlərilə, İrana qarşı kampaniyada “böyük hərbi uğurlar”la və Tehranla “tam və yekun razılaşmaya doğru əhəmiyyətli irəliləyiş”lə əlaqələndirib.
“Qarşılıqlı olaraq razılığa gəldik ki, blokada tam qüvvədə qalsa da, razılaşmanın yekunlaşdırılıb imzalanacağını görmək üçün “Azadlıq Layihəsi” qısa müddətə dayandırılsın”, – deyə Tramp bildirib.
Qeyd edək ki, bundan bir gün əvvəl ABŞ Dövlət katibi Marko Rubio ABŞ-nin İrana qarşı “Epik Qəzəb” əməliyyatının başa çatdığını açıqlamışdı. O, əlavə edib ki, Vaşinqton indi “Azadlıq Layihəsi”nə diqqət yetirəcək.
Xatırladaq ki, Tramp 4 may gecəsi Hörmüz boğazının bağlanmasından sonra körfəzdə ilişib qalmış ticarət gəmilərini azad etmək üçün yeni əməliyyat elan etimişdi. Ağ Ev bunun sırf humanitar xarakter daşıdığını, qida və digər təchizatı az olan gəmi heyətlərinə kömək etmək üçün həyata keçiriləcəyini bəyan etmişdi. Həmin gəmiləri ABŞ qüvvələri müşayiət etməli idi.
Tramp daha sonra Hörmüz boğazında ticarət gəmilərini müşayiət edən Amerika gəmilərinə müdaxilə edəcəyi təqdirdə İranın “yer üzündən silinəcəyi” ilə hədələyib. Buna baxmayaraq, İran qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə, ticarət gəmilərinə bir sıra hücumlar edib.
Bu arada, “Axios”-un yazdığına görə, danışıqlar tamamilə çıxılmaz vəziyyətə düşərsə, Tramp bu həftə İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarına gələ bilər. Ağ Ev bildirib ki, Tehran “düzgün razılaşma” bağlamağa məcbur olacaq, əks halda ABŞ “asanlıqla” qalib gələcək./azpolitika.info
