Tofiq Zülfüqarov: “Ermənistan Azərbaycanın qanuni mülkiyyətini qaytarmaqdan niyə imtina edir?”
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Zəngəzur (Meğri) dəmir yolu sahəsinin hüquqi statusu və Azərbaycanın bu infrastruktur üzərindəki mülkiyyət hüquqları ilə bağlı geniş təhlillə çıxış edib.
Diplomat xatırladıb ki, Azərbaycan Respublikası Azərbaycan SSR-in hüquqi varisi kimi Meğri dəmir yolu sahəsinin tam hüquqlu mülkiyyətçisidir.
Tofiq Zülfüqarov postsovet məkanında SSRİ dağıldıqdan sonra imzalanan ikitərəfli müqavilələrə və beynəlxalq hüquqi təcrübəyə diqqət çəkib. O bildirib ki, 1991-ci ildən sonra bir çox mülki, sənaye, strateji və hərbi obyektlər coğrafi olaraq başqa respublikanın ərazisində qalsa da, hüquqi baxımdan onları inşa edən və maliyyələşdirən dövlətlərin mülkiyyəti kimi tanınıb.Keçmiş nazir suni intellekt vasitəsilə topladığı konkret hüquqi presedentləri və analoji nümunələri diqqətə çatdırıb:1. Nəqliyyat və dəmir yolu infrastrukturu. Müttəfiq respublikaların sərhədləri daxilində bölünən dəmir yolları sonradan xüsusi razılaşmalarla idarə olunub:-Qazaxıstan ərazisində yerləşən Petropavlovsk dəmir yolu stansiyası, vağzal və bütün əlaqədar infrastruktur rəsmi olaraq Rusiya Dəmir Yollarının (RJD) mülkiyyətindədir;-Qazaxıstanın Şimali Qazaxıstan vilayətindən keçən 203 kilometrlik Isilkul – Gorbunovo tranzit xətti də daxil olmaqla, bütün avadanlıqlar Rusiyaya məxsusdur;-Rusiyanın Orenburq vilayətindən keçən 260 kilometrlik İlets-Şınqırlau xətti isə ikitərəfli sazişlə Qazaxıstanın mülkiyyətinə və idarəçiliyinə verilib;
-Gürcüstanın Sadaxlı həmsərhəd stansiyasındakı dəmir yolu qovşağı və lokomotiv deposu MDB çərçivəsində imzalanan sazişlə Ermənistandan idarə olunan Cənubi Qafqaz Dəmir Yolunun mülkiyyəti kimi tanınıb.
2. Kurort və mülki obyektlər. Transmilli mülkiyyətin en geniş yayıldığı sahələrdən biri sanatoriyalardır:
-Rusiyanın Soçi şəhərindəki “Belarus” sanatoriyası və “Krasnaya Polyana” istirahət kompleksi tam olaraq Belarus dövlətinə məxsusdur və onun Prezidentinin İşlər İdarəsi tərəfindən idarə olunur;
-Latviyanın Yurmala şəhərindəki “Belorussiya” sanatoriyasının torpaq və binaları hüquqi olaraq Belarusun mülkiyyəti hesab edilir;
-Qırğızıstandakı İssık-Kul gölü sahilində yerləşən “Zolotıye peski”, “Dilorom”, “Rohat” və “Buston” pansionatları Özbəkistan SSR-in vəsaiti hesabına tikildiyi üçün sonradan imzalanan hökumətlərarası müqavilə ilə 49 illik icarəyə verilib və tikililər üzərində mülkiyyət hüququ Özbəkistana həvalə olunub.
3. Strateji, energetika və sənaye obyektləri. Moldovanın Dnestryanı bölgəsində yerləşən Moldovian QRES istilik elektrik stansiyası 100 faiz Rusiyanın “İnter RAO” şirkətlər qrupunun mülkiyyətindədir:
-Ukraynanın Odessa vilayətində yerləşən Perromaysk çınqıl və qırmadaş karxanası, eləcə də onun istehsalat gücləri Moldova Nəqliyyat Nazirliyinin mülkiyyəti kimi rəsmiləşdirilib;
-Ermənistandakı Hrazdan İES-in 5-ci enerji bloku və qazpaylayıcı infrastruktur dövlət borclarının əvəzində Rusiyanın “Qazprom” şirkətinin tam mülkiyyətinə verilib;
-Moldovanın Kişinyov şəhərindəki “Topaz” cihazqayırma zavodu Rusiyanın “Rostex” tərkibinə daxil olan Birləşmiş Mühərrikqayırma Korporasiyasına məxsusdur.
4.Hərbi və kosmik obyektlər. Torpaq sahəsi ev sahibi olan dövlətə məxsus olsa da, üzərindəki bütün infrastruktur və qurğular digər ölkənin mülkiyyəti sayılır:
-Qazaxıstandakı “Baykonur” kosmodromunun torpağı 2050-ci ilə qədər Rusiyaya icarəyə verilsə də, oradakı bütün texnoloji baza və start kompleksləri Rusiyanın federal mülkiyyətidir.
-Tacikistandakı “Okno” kosmik fəzanın idarəolunması kompleksi və Belarusdakı “Vileyka” hərbi-dəniz rabitə qovşağı ilə “Volqa” radiolokasiya stansiyasının binaları və xüsusi avadanlıqları Rusiya Müdafiə Nazirliyinin mülkiyyətindədir.
Diplomat vurğulayıb ki, beynəlxalq hüquq və postsovet ölkələrinin onlarca illik təcrübəsi bir dövlətin başqa respublika ərazisindəki mülkiyyət hüququnu tamamilə tanıyır və qoruyur.

Tofiq Zülfüqarov şərhinin sonunda məsələni qəti qoyur: Postsovet məkanında bu qədər aydın hüquqi presedentlər və ikitərəfli müqavilə təcrübələri olduğu halda, Ermənistan Azərbaycanın qanuni mülkiyyəti olan Meğri dəmir yolu sahəsini geri qaytarmaqdan niyə imtina edir?/azpolitika.info
