Hesablama Palatası tərəfindən Gənclər və İdman Nazirliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının istifadəsi ilə bağlı aparılmış uyğunluq auditi nəticəsində aşkar edilmiş bütün maliyyə pozuntuları və çatışmazlıqlar üzrə qərarların icra vəziyyəti açıqlanıb.
Hesabatda Gənclər və İdman Nazirliyi tərəfindən alınan idman geyimlərinə də toxunulub. Məsələn idman geyimlərinin alınması zamanı tutulmamış 4 545,7 manat vergi məbləği büdcəyə qaytarılıb. Alınmış, lakin paylanmamış 127 217,31 manat dəyərində idman geyimləri uçota götürülüb.
Audit nəticələrinə görə, “Azəridmanservis” MMC tərəfindən çatışmayan 1 751 698,59 manat məbləğində vəsait Nazirliyin bank hesabına tam şəkildə bərpa edilib.
Gənclər və İdman Nazirliyin “Azəridmanservis” MMC tərəfindən 2025-ci ildə keçirilmiş satınalmalara diqqət yetirsək nələr görmüş oluruq.
Üzgüçülük papaqlarının satın alınması üzrə 47.790 manat dəyərində müqavilə “A-SPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb. Müqavilənin şərtlərinə görə qalib şirkət “Azəridmanservis” MMC-ni 30.000 ədəd özəl logo və yazı təsvirli üzgüçülük papaqları ilə təchiz etməlidir.
Burada otuz min ədəd üzgüçülük papaqlarının harada istifadə olunacağı ümumiyyətlə Azərbaycanda nə qədər profesional üzgüçünün olması və “Azəridmanservis” MMC-nin bu papalaqları kimlər üçün alması barədə suallar qaranlıq qalır.
Bundan əlavə “Azəridmanservis” MMC tərəfindən idman geyimlərinin satınalınması üzrə 3.516.053,91 manat dəyərində müqavilə “JAY RUN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 22.09.2025-ci ildə bağlanılıb. Müqavilə birmənbədən satınalma metodu ilə bağlanılıdığından göstərilən məbləğə nə kimi idman mallarının alınması barədə məlumat yoxdu.
Bəs “Azəridmanservis” MMC-nin üç milyon yarım manatdan çox dəyəri olan tenderdə qalib seçdiyi şirkət haqqında nə kimi məlumat var.
Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarda “JAY RUN” (VÖEN: 1507208761) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 22.05.2025-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, MİRZƏBALA ƏHMƏDZADƏ, ev.11, m.62, qanuni təmsilçisinin isə Məmmədov-Afaqi İbrahim Mehdi oğlu olduğu qeyd edilib.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından da göründüyü kimi “JAY RUN” MMC 2025-ci ilin may ayında yaradılıb. May ayında dövlət qeydiyyatına alınmış bir MMC ilə sentyabr ayında 3,5 milyon manat dəyərində müqavilə bağlanılması nə dərəcədə qanuni və məntiqidir.
Qeyd edək ki, bu halda qanun birmənbədən satınalma metodu tətbiq etməyə yol vermir. Çünki “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, idman geyimlərinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. “Azəridmanservis” MMC-nin müqavilə bağladığı şirkət də satınalmadan dörd ay əvvəl yaradılıb və konkret təchizatçı olması barədə heç bir məlumat yoxdur.
Bundan əlavə “Azəridmanservis” MMC idman mallarının satın alınması üzrə bir müqavilə də “FM SUPPLY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlatıb. Bu satınalmanın dəyəri 447.060,46 manat təşkil edib. Müqavilə 25.08.2025-ci ildə bağlanılıb.
Qəribədir ki, “Azəridmanservis” MMC-nin müqavilə bağladığı bu şirkət də satınalmanın təşkilindən bir il əvvəl yaradılıb. “Azəridmanservis” MMC-dən başqa heç bir satınalmalarda iştirakı olmayıb. Açıq mənbələrdə şirkətin barəsində heç bir məlumat yoxdu. yalnız Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarda MMC-nin qanuni təmsilçisinin isə Quliyev Mikayıl Faiq oğlu olduğu göstərilir.
Mikayıl Quliyev Faiq oğlu, Azərbaycan Respublikasının sabiq Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini və Gürcüstanda Azərbaycan Respublikasının Səfiri Faiq Quliyevin oğludur.
Göründüyü kimi, Gənclər və İdman Nazirliyinə tabeli “Azəridmanservis” MMC tərəfindən 2025-ci ildə idmana mallarının və geyimlərinin alınmasına ümumi dəyəri 2 milyon manatdan çox olan dövlət vəsaiti xərclənib. “Azəridmanservis” MMC-nin satınalmaların təşkili zamanı yol verdiyi qanun pozuntuları açıq-aşkar görsənir və müqavilə bağlanılan şirkətlərin formal olduğunu təsdiq edir.
Qeyd edək ki, “Azəridmanservis” MMC-nin direktoru Həsən Hüseynovdu. Onun bu vəzifəyə 2023-cü ildə təyin oldunduğu bildirilir.
Aktualinfo.net
