Son aylarla müqayisədə qızıl bazarında ciddi ucuzlaşma müşahidə olunur.
Həm dünya bazarında, həm də Azərbaycanda qiymətli metallara olan tələbat və qiymətlərdə eniş hiss edilir. Hazırda Azərbaycanda qızılın bir qramı əvvəlki dövrlə müqayisədə təxminən 60 manat ucuzlaşıb.
Bazarda alış qiymətləri də aşağı düşüb. Əgər bir müddət əvvəl qızılın alış qiyməti 170 manat civarında idisə, indi bu rəqəm təxminən 130 manata qədər geriləyib. Gümüş bazarında da oxşar vəziyyət müşahidə edilir və qiymətlərdə azalma davam edir. Satıcılar yerli mediaya açıqlamasında bildirirlər ki, son həftələrdə alıcıların sayı əvvəlki dövrlə müqayisədə zəifləyib və bazarda daha çox gözləmə mövqeyi hiss olunur.
Qlobal bazarlara gəlincə, burada da da qızılın qiyməti son iki ayın ən aşağı səviyyəsinə qədər enib. Ötən gün bir unsiya qızılın qiyməti 4 456 dollara qədər geriləyərək son ayların minimum göstəricilərindən birini qeydə alıb.
Analitiklər bunu beynəlxalq maliyyə bazarlarındakı dəyişikliklərlə əlaqələndirirlər. Qızıl qiymətlərinə təsir edən əsas amillərdən biri ABŞ-də faiz endirimi ilə bağlı gözləntilərin zəifləməsidir. İnvestorlar uzun müddətdir ABŞ Federal Ehtiyat Sisteminin faiz endirimlərinə başlayacağını gözləsələr də, son inflyasiya göstəriciləri bu ehtimalları azaldıb. Nəticədə maliyyə bazarlarında dollar və istiqrazlara maraq artıb.
Maliyyə bazarlarında ABŞ-nin 30 illik dövlət istiqrazlarının faizinin 5,18 faizə yüksəlməsi də diqqət çəkən məqamlardan biridir. Bu göstərici 2007-ci ildən sonra qeydə alınan ən yüksək səviyyə hesab olunur. Yüksək istiqraz gəlirləri investorlar üçün daha cəlbedici olduğundan qızıla marağın azalmasına səbəb olur.
Bəs maraqlıdır, qızılın qiymətindəki ucuzlaşma nə ilə bağlıdır?
Bu barədə iqtisadçı Xalid Kərimli bildirib ki, bu ilin yanvar ayının sonunda qızılın qiyməti təxminən 5300-5400 dollar səviyyəsinə qədər yüksəlmişdisə, hazırda bu qiymət 4500 dollar ətrafında formalaşır:“Bununla belə, ilin əvvəli ilə müqayisədə qızılın qiyməti yenə də təxminən 5 faiz yüksəkdir. Yəni qızıl pik həddindən aşağı düşsə də, yanvarın 1-i ilə müqayisədə ucuzlaşmayıb”.

İqtisadçı qeyd edib ki, qızılın qiymətinə təsir edən əsas faktorlar qeyri-müəyyənlik, geosiyasi gərginlik və sanksiyalar olub:“Xüsusilə Rusiyaya tətbiq edilən sanksiyalar qızıl qiymətlərinin artmasına ciddi təsir göstərib. Onun sözlərinə görə, dövlətlər başa düşdülər ki, ABŞ və Avropa istənilən vaxt sanksiyalar tətbiq edə və xarici valyuta ehtiyatlarını dondura bilər. Buna görə də bir çox ölkələr rezervlərini dollar və avroda saxlamaq əvəzinə qızıl ehtiyatlarını artırmağa üstünlük verdilər”.
Xalid Kərimli bildirib ki, Çin, Hindistan, Türkiyə və Azərbaycan da daxil olmaqla bir çox ölkə son dövrlərdə qızıl alışını artırıb, bu isə qızılın qiymətinin bahalaşmasına səbəb olub. O əlavə edib ki, faiz dərəcələrinin aşağı salınacağı ilə bağlı gözləntilər və qlobal inflyasiyanın zəifləməsi də müəyyən dövrdə qızıl qiymətlərinə artırıcı təsir göstərib.
Ekspert qeyd edib ki, sonrakı mərhələdə ABŞ-İran münasibətlərində yaranan gərginlik və Hörmüz boğazının bağlanacağı ilə bağlı ehtimallar neft qiymətlərinin kəskin yüksəlməsinə səbəb olub:“İlk baxışda müharibə və qeyri-müəyyənlik fonunda qızılın bahalaşacağı gözlənilsə də, proses fərqli istiqamətdə inkişaf edib. Neft qiymətlərinin sürətlə bahalaşması bəzi ölkələrdə iqtisadi problemləri dərinləşdirib. Bu səbəbdən bir sıra dövlətlər iqtisadi çətinlikləri idarə etmək və maliyyə ehtiyaclarını qarşılamaq üçün qızıl ehtiyatlarının bir hissəsini satmağa başlayıblar. Bu isə bazarda qızıl təklifini artıraraq qiymətlərin aşağı düşməsinə səbəb olub. Neft qiymətlərinin artması inflyasiya gözləntilərini də yüksəldib. Bu fonda bazarda ABŞ Federal Ehtiyat Sisteminin daha sərt faiz siyasəti həyata keçirəcəyi ilə bağlı gözləntilər formalaşıb. İnvestorlar hesab edirlər ki, inflyasiya yüksək qalacağı halda ABŞ Mərkəzi Bankı faiz endirimlərinə getməyəcək. Belə şəraitdə isə investorların bir hissəsi qızıldan daha çox dollar və istiqraz bazarına yönəlir”.
Xalid Kərimli həmçinin qeyd edib ki, bəzi ölkələrdə əhali də qızıl alışına daha ehtiyatlı yanaşmağa başlayıb. O, Hindistanda hakimiyyətin vətəndaşlara qızıl almaq əvəzinə qənaət etməklə bağlı çağırışlar etdiyini xatırladıb. Halbuki Hindistan dünyada ən böyük qızıl alıcılarından biri hesab olunur.
İqtisadçı hesab edir ki, hazırda neft qiymətlərinin yüksək qalması, inflyasiya risklərinin artması, qlobal iqtisadi problemlər və yüksək faiz gözləntiləri qızıl bazarında qiymətlərə aşağı istiqamətli təzyiq göstərən əsas amillərdir./azpolitika.info
